Sarıkökün tərkibinə daxil olan və ona spesifik sarı rəng bəxş edən kurkumin maddəsi yaddaşı və əhvalı yaxşılaşdırır.
Bunu Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmada yaddaş zəifliyindən şikayət edən 50-90 yaş arası 40 insan iştirak edib. Alimlər iştirakçıları 2 qrupa bölüb. Bir qrup 18 ay ərzində hər gün sarıkök, digər qrup isə plasebo (boş həb) istehlak edirdi. Araşdırmanın sonunda məlum olub ki, sarıkök istehlak edən insanlarda yaddaş xeyli yaxşılaşıb.
Həmçinin onlar əhvalın və həyat tonusunun yaxşılaşmasını qeyd edib. Alimlərin fikrinə görə, sarıkök depressiyanın müalicəsində istifadə oluna bilər.
Analizlər sarıkök istehlak edən insanların beyində yaddaşın pisləşməsinə və Alsheymer xəstəliyinin inkişafına səbəb olan bəzi maddələrin azalmasını göstərib. Həmçinin sarıkök beyin damarlarında iltihabın azalmasına kömək edir.
Bundan əvvəl aparılmış araşdırma sarıkökün xərçəng xəstəliklərinin riskini azaltdığını göstərib.