Xəbərlər



"Azərbaycan bu gün də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt üzrə inkişaf edir"
"Azərbaycan bu gün də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt üzrə inkişaf edir"

“Milli Qurtuluş Günü ölkəmizin müstəqilliyinə yeni nəfəs gələn gündür. Bu gün ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimizin məhv olması ərəfəsində yenidən həyata qayıdıb”.

Ailehekimiklinikasi.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər, Gənclər və idman komitəsinin üzvü Azər Badamov deyib.

Millət vəkili bildirib ki, 15 iyun Milli Qurtuluş Günü müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb: “Ulu öndər Heydər Əliyev demişdi: “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir”. Həqiqətən də bu belədir və tarix bunu sübut etdi. SSRİ-nin dağılmasından sonra ittifaqa daxil edilən 15 respublika öz müstəqilliyinə qovuşdu. Müstəqil ölkələrdə mütləq lider olmalıdır ki, dövlətin gələcəyi möhkəmlənsin. Azərbaycandan başqa digər respublikalarda müstəqillik yaxşı şəkildə özünü göstərdi və onlar dövlətçiliklərini qura bildilər. Amma müstəqilliyin ilk illərində ölkəmizdə hakimiyyətə gəlmiş qüvvələrin arasındakı ziddiyyət, xalqla iqtidar arasındakı məsafə, hakimiyyətin xalqdan uzaq düşməsi, iqtidarın öz maraqlarını dövlətin maraqlarından üstün tutması, Azərbaycanı dağıtmaq istəyən xarici qüvvələrlə əməkdaşlıq ölkəmizi uçuruma doğru aparırdı”.

Deputat qeyd edir ki, belə bir ağır vəziyyətdə Azərbaycana yeni lider lazım idi: “Bu zaman həm hakimiyyətdəki mövcud boşluq, həm də ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək üçün işğalçılığa başlaması, ölkəni daxildən parçalamaq niyyətlərinin reallaşması müstəqil Azərbaycanı məhv etmək ərəfəsinə gətirmişdi. Bu cür ağır durumdan ölkəni ulu öndər Heydər Əliyev xilas etdi. Ölkəmizin başına gələn bütün faciələr ümumilli liderin hakimiyyətdən uzaq olduğu illərdə baş verib. Ölkə iqtisadiyyatı talan olmuşdu, Ermənistan Dağlıq Qarabağı işğal etməyə başlamışdı, vətəndaş müharibəsi baş qaldırmışdı. Belə şəraitdə Azərbaycan bölünərək dünya xəritəsindən silinə bilərdi. Lakin Heydər Əliyev xalqın tələbini məmnuniyyətlə qəbul etdi və bu ağır yükü öz üzərinə götürdü. O, Azərbaycanın üzərindəki qara buludları yox etdi, bütün təhlükələri sovuşdurdu. Onun uzaqgörənliyi, dövlətçilik təcrübəsi, qətiyyəti və siyasi iradəsi Azərbaycanın müstəqilliyini davamlı və əbədi etdi. Qısa zamanda xaosa son qoyuldu, ölkədə vətəndaş həmrəyliyi yaradıldı. Dövlət idarəetmə sistemi formalaşdırıldı. Ən əsası, ulu öndər özünün komandanlığı ilə iyirmidən çox yaşayış məntəqəsi düşmən işğalından azad olundu və Ermənistan müvəqqəti atəşkəsin imzalamasına məcbur oldu. Azərbaycan bu gün də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt üzrə inkişaf edir. Azərbaycan dünyada nüfuza malik, söz sahibi olan və hamının rəğbət bəslədiyi ölkəyə çevrilib. Bunun da əsasında Heydər Əliyevin səriştəsi dayanır”.

Azər Badamov vurğulayıb ki, 15 iyun Milli Qurtuluş Günü Azərbaycan var olduqca qeyd olunacaq.
Baxış sayı: 69