Xəbərlər



“Sağlam qalmağın birinci yolu güclü immunitet, ikinci yolu isə…” - Firəngiz Rüstəmova
“Sağlam qalmağın birinci yolu güclü immunitet, ikinci yolu isə…” - Firəngiz Rüstəmova


SOSİUM.az “İşgüzar qadınlar“ layihəsini davam etdirir. Bu layihədə ən müxtəlif sahələrdə uğur qazanmış, öz potensialını realizə etmiş işgüzar xanımların keçdiyi həyat yolundan bəhs olunur, onların müsahibələri tirajlanır.

Layihənin növbəti qonağı tanınmış həkim-araşdırmaçı, bir neçə fəlsəfi, tibbi kitabın müəllifi, fəal ictimaiyyətçi, AQSİA-nın üzvü Fikrəngiz Rüstəmovadır.

DOSYE: Firəngiz Əsgər qızı Rüstəmova Qazax rayonunda anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 30 ilə yaxındır mama-ginekoloq kimi fəaliyyət göstərən F.Rüstəmova eyni zamanda fitoterapevt həkimdir. “Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu” kitabı nəinki ölkəmizdə, MDB dövlətlərində də böyük maraqla qarşılanıb. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının fəal üzvüdür.

– Təqdimatdan başlayaq. Bioqrafiyanız kifayət qədər zəngindir. Bu qədər fəaliyyəti bir araya sığışdırmağı necə bacardınız?

– Əvvəlcə ondan başlayım ki, mən ziyalı ailəsində boya- başa çatmışam və hər zaman bizə təlqin olunub ki, öz üzərində işləməlisən. Hələ uşaq yaşlarından bu vərdişə yiyələnmişik və bu özünü daha yuxarı yaşlarda da göstərib. Bu gün də belədir. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən bu günə qədər mama-ginekoloq kimi fəaliyyət göstərirəm və paralel olaraq həm tibb sahəsində, həm də digər sahələrdə baş verən yenilikləri əzx etməyə çalışıram. Tibb sahəsində apardığım uzun müddətli araşdırmalardan sonra qəti qərara gəldim ki, kimyəvi dərmanlardan daha çox bitki tərkibli dərmanlara üstünlük verilməlidir. Bu istiqamətdə apardığım araşdırmalar məni fitoterapiya sahəsinə gətirdi və hazırda bitki tərkibli dərmanlarla da müalicə edirəm. O ki qaldı ictimai fəaliyyətə, məncə bu ilk növbədə vətəndaşlıq borcudur. Həm həkim, həm yazar-araşdırmaçı, həm də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvlüyü nəinki mənə mane törədir, hətta bu sahələrdəki fəaliyyətim biri-birinə dəstək olur. İctimai layihələrdə yaxından iştirak etmək cəmiyyətə az da olsa töfhə vermək deməkdir. Bu günün trendi həm də sosial şəbəkələrdə öz mövqeyini sərgiləməkdir. İstəsək də, istəməsək də, sosial şəbəkə həyatımızın bir hissəsinə çevrilib. Amma sosial şəbəkədən hamımız doğru istifadə edə bilirikmi, bu artıq başqa mövzudur.

– Firəngiz xanım, koronavirusa görə bir çox ölkədə həyat dayanıb, şəhərlər kabus halına gəlib. Bir həkim kimi fikirləriniz maraqlıdır…

– Təəssüf ki, yeni növ koronavirus infeksiyası “çağırılımamış qonaq” olaraq bütün dövlətlərin, xalqların qapısını döydü və sizin də qeyd etdiyiniz kimi, bütün bəşəriyyəti təhdid edir. Təsadüfi deyil ki, hər gün onminlərlə insan bu xəstəliyin qurbanı olur, milyonlarla insan isə koronavirusa yoluxur. Azərbaycan da bu prosesdən kənarda deyil və hər gün yüzlərlə soydaşımız bu infeksiyaya mübtəla olur. Açıq deyəcəm, Cənab Prezident İlham Əliyevin koronavirusun yenicə yayılmağa, daha doğrusu sərhədləri aşmağa başladığı dövrdə atdığı addımlar, zəruri sərəncam və tapşırıqları ölkəmizin bu prosesdən az itkilərlə çıxmasını şərtləndirdi. Lakin bu virus şərti olaraq adı “ikinci dalğa” adlandırlan mərhələyə qədəm qoydu və situasiya yenidən dəyişdi. Heç kim ehtimal etməzdi ki, koronavirus bu qədər uzunömürlü və faciəli nəticələrə səbəb olacaq. Görünən odur ki, hazırda koravirus daha dağıdıcı və təhlükəli mərhələyə qədəm qoyub. Təəssüf ki, virusun yayılma sürəti artır və növbəti dalğalar gözlənilir. Bu mənada hər birimiz məsuliyyətli olmalı, özümüzü maksimum qapalı tutmalıyıq.

– İddialar var ki, immuniteti güclü saxlayaraq bütün infeksiyalardan və xəstəliklərdən, o cümlədən COVİD-19 və xərçəngdən qorunmaq olar?

– Nəinki koronavirus və xərçəng, bütün xəstəliklərin yaranmasında immun çatışmazlığı mühüm rol oynayır. İmmun sistemi insanın müqavimət əmsalıdır və kimdə bu əmsal güclüdürsə, o daha az xəstəliyə yoluxur. Eyni zamanda xəstəliyi daha yüngül və asan keçirir. Lakin bu o demək deyil ki, kimin immuniteti güclüdürsə, o bütün xəstəliklərdən halidir. Bu yanlış yanaşmadır. Bu gün sizin qeyd etdiyiniz kimi, xərçəng və koronavirus xəstəliyinə mübtəla olan çoxlu sayda insanlar var ki, onların immun sistemi kifayət qədər güclüdür. Hesab edirəm ki, insan birinci növbədə özü özünün həkimi olmalıdır. Çünki insan orqanizmini onun özü qədər tanıyan ikinci bir loğman yoxdur. Əgər biz sağlam qalmaq istəyiriksə, yediyimiz qidalardan tutmuş rəftarımıza və vərdişlərimizə qədər hər şeyə nəzarət etməliyik. Mövsümi meyvə və tərəvəzlərlə qidalanmalı, sağlam qidalara üstünlük verməli, yuxu rejiminə xüsusi əməl etməliyik. Bir məqamı da qeyd edim ki, gündəlik həyatımızda qarşılaşdığımız stresslər, emosional gərginliklər də immun sisteminin zəifləməsinə səbəb olur. NK – Yəni natural killer hüceyreleri oprqanizmdə nə qədər çox olarsa, immunitete bir o qədər çox olur. NK hüceyrələr əsasən ağaclıq ərazilərdə tənəffüs yolu ilə daxil olan fitonsidlərin təsirindən yaranır. Şam ağacları olan park və meşəlikdə daha çox olur. Həmin ərazilərdə 2 saat gəzmək kifayət edir ki, orqanizm bir həftəlik NK hüceyrələrlə zənginləşsin.

– Bildiyimiz qədər həm də fitoterapevt kimi fəaliyyət göstərirsiniz. Sizcə, COVİD-19 infeksiyası bioloji üsullarla müalicəyə keçidi şərləndirmirmi?

– Tamamilə düzgün vurğulayırsınız ki, koronavirus pandemiyası dünya səhiyyəsi üçün bir həyəcan siqnalı oldu və bu xüsusda alternativ müalicə üsulları ilə bağlı müzakirələr də gündəmə gəldi. Bəzən bizə belə sual ünvanlayırlar ki, bütün xəstəlikləri bitkilərlə tam müalicə etmək mümkündürmü? Hamını düşündürən və maraqlandıran bu suala cavab olaraq bildirim ki, əksər xəstəliklərin müalicəsində bitkilərdən, arılardan, yəni fitoterapiya və ariterapiyadan istifadə etmək mümkündür. Lakin elə xəstəliklər var ki, onların müalicəsində qətiyyən bu üsullar keçərli deyil. O baxımdan hər bir xəstəyə fərdi yanaşma olmalıdır. Məsələn, atopik astmatik xəstələrin bitki tozcuqlarına qarşı allergiyası var. Yaxud arı məhsullarına allergiyası olanlar az deyil. Öd daşı olana itburnunu, böyrək daşı olana cəfərini necə verə bilərəm? Yaxud son dövrlər dieta məqsədilə müxtəlif bitkilərdən istifadə edənlərin sayı az deyil. Dieta özbaşına edilə bilməz və mütləq həkim nəzarəti olmalıdır. Əks halda xoşagəlməz fəsadlar ortaya çıxa bilər. Bununla bağlı çoxsaylı elmi araşdırmalarım var və bitki müalicəsinin mümkün təsirləri orada ətraflı şəkildə izah olunur. Ümumi olaraq deyim ki, postpandemiya dövrü bitki tərkibli dərmanların aktuallığını artıracaq və fitoterapiyaya xüsusi maraq yaranacaq.

– Pandemiya dövründə, AQSİA ilə birlikdə “Biz birlikdə güclüyük” devizi altında yardım aksiyalarında fəal iştirak etdiniz. Bu barədə nə deyə bilərsiniz?

– Düşünürəm ki, sahibkarlar arasında, o cümlədən qadın sahibkarlar arasında həmrəylik, birlik vacibdir. Əslində burada sahibkar məfhumu şərti məna daşıyır. Söhbət fəal sahibkar xanımların birliyindən gedir ki, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası buna gözəl nümunədir. Bu Assosiasiya işgüzar xanımlarımız arasında təcrübə mübadiləsinə, qarşılıqlı əməkdaşlığa zəmin yaradır. Mən xeyli müddətdir bu qurumun üzvüyəm. AQSİA-da biri-birindən dəyərli, anlayışlı, vətənpərvər, insanpərvər xanımlarla bir arada olmaq çox xoşdur. Pandemiya dövründə işsiz qalan soydaşlarımıza yardım etmək məqsədilə Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” devizi altında başlatdığı təşəbbüsə qoşulduq və yüzlərlə ailəyə sovqat göndərdik. AQSİA rəhbərliyinin, xüsusilə sədr Səkinə Babayevanın dərin təşkilatçılıq qabiliyyəti qurumun qarşısında böyük imkanlar açır və əminik ki, AQSİA-nı qarşıda daha ciddi uğurlar gözləyir. Asosiasiyanın uğuru ayrı-ayrılıqda bizim hər birimizin uğurudur. Necə deyərlər: Biz birlikdə güclüyük!

– AQSİA qadın platformasıdır və son dövrlər qadınların ictimai, sosial və biznes həyatında fəal iştirakını müşahidə edirik…

– Bəli, son dövrlər Azərbaycanda yeni qadın hərəkatı formalaşıb və bu hərəkatın lideri Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Mehriban xanımın uğurlu fəaliyyəti bütün qadınlar üçün nümunədir, onun sərgilədiyi fəaliyyət bütün xanımlar üçün bir məktəb rolu oynayır. Çox şanslıyıq ki, hər kəlməsindən, hər hərəkətindən nə isə öyrənəcəyimiz Mehriban xanım kimi gözəl, bütün insani keyfiyyətlərin daşıyıcısı olan humanist bir şəxsiyyətlə eyni dövrü paylaşırıq. Qloballaşan dünyamızda Mehriban xanımın tarixi, milli-mənəvi dəyərlərimizə bağlılığı, xeyriyyəçilik fəaliyyəti, çalışqanlığı bizim üçün mayakdır, yol xəritəsidir. Nə xoş ki, bu gün Azərbaycan qadını dünyaya məhz Mehriban Əliyevanın timsalında təqdim olunur. Azərbaycan qadını hakimiyyətin bütün qollarında təmsil olunur. Özəl sektorda xüsusi rolu və çəkisi var. Bütün bunlar Azərbaycan xanımına verilən xüsusi dəyərin, yaradılan şəraitin göstəricisidir və bu imkanlara görə, cənab Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq.

– Necə düşünürsünüz, Azərbaycan səhiyyəsi pandemiya kimi fövqəladə vəziyyətlərə hazır idimi?

– Nəinki Azərbaycan səhiyyəsi, ən inkişaf etmiş dövlətlərin belə səhiyyəsi pandemiya şəraitinə hazır deyildi. Çünki bu cür pandemiyalar orta hesabla hər əsrdə bir dəfə olur. Dünyanın aparıcı ölkələrində kütləvi insan tələfatları qeydə alındı. Xəstələr, o cümlədən digər xəstəliklərdən əziyyət çəkənlər ortada qaldı, onları yerləşdirməyə xəstəxanalar tapılmırdı. Əgər bu gün Amerika səhiyyəsi, Avropa səhiyyəsi bu bəlanın qarşısında aciz qalırsa, müasir təbabət hələ də bu xəstəliyin qarşısını ala bilmirsə, bu artıq dünyəvi bəladır. Dünya alimlərinin gəldiyi qənaət budur ki, nə qədər kornavirusun vaksini tapılmayıb, o zamana qədər izolyasiya qaydalarına əməl etməliyik. Bu beynəlxalq protokoldur. Koronavirus yalnız insandan insana yoluxa bilir və bu virusun qarşısının alınmasında sosial məsafə gözlənilməsi, maska taxılması, gigiyenik qaydalara riayət olunması vacib amillərdəndir. İnsanlarımız evdə qalmaq qaydalarına riayət etməlidirlər. Bu uzun müddət belə davam etməyəcək. Sadəcə səbrli olmaq və müəyyən olunmuş qaydalara riayət etmək lazımdır. Biz nə qədər qaydalara doğru-düzgün əməl etsək, bir o qədər əvvəlki həyatımıza tez qayıda biləcəyik. Əks halda həm özümüzü, həm doğmalarımızı, həm də soydaşlarımızı böyük riskə atmış olarıq.

– Uzun müddət mama-ginekoloq kimi təcrübəyə malik bir mütəxəssis kimi xanımlara tövsiyyələriniz də maraqlı olardı. Sizcə, qadın sağlamlığı nədir və bunun üçün hansı məqamlara xüsusi diqqət yetirilməlidir?

– Qadın sağlamlığı çox geniş anlayışdır. Bu təkcə cinsiyyət sferasındakı xəstəliklər deyil. Bu sıraya qan-damar, böyrək və sidikçıxarıcı yolların, endokrin xəstəliklər və s. daxildir. Qadın cinsiyyət sferasında normadan kənar hallar tsikl pozuntuları, hamiləlik, fəsadlı hamiləlik, hətta sonsuzluq problemlərinə səbəb ola bilər. Amma təcrübə və müşahidələr göstərir ki, vaxtaşırı olaraq ginekoloji müayinədən keçən xanımlar digərlərinə nisbətən daha az risk qrupundadır. Eyni zamanda stress, zərərli vərdişlər, ağır fiziki iş və digər səbəblər də menstrual tsikl pozuntularına gətirib çıxara bilər. Yəni bu məsələdə kənar təsirlərin rolu böyükdür. Ümumi olaraq demək istərdim ki, nəinki qadınlar, kişilər də irsi faktorları, onları narahat edən problemləri diqqətdən kənar qoymamalı, vaxtaşırı müayinə prosedurlarından keçməlidir. Belə olarsa onlar gələcəkdə baş verən fəsadlardan vaxtında xilas ola və bunun qarşısını ala bilərlər.

// Azər Niftiyev, SOSİUM.az
Baxış sayı: 1 502