"Hikmət və mərifətdə bir Əflatun..." Qeyd edək ki, Mövlananın birinci məktubu Əkmələddin Naxçıvaninin ona yazdığı məktuba cavab xarakteri daşıyır.
Qeyd edilən ikinci məktubda Karatay mədrəsəsində boşalacaq vəzifəyə Əfsəhəddinin təyin olunmasına Əkmələddin Naxçıvaninin yardım göstərməsi xahiş olunur. Üçüncü məktubu isə Mövlana Əkmələddin Naxçıvaninin hökmdardan onun oğlu Əmir Alimin maddi vəziyyətini yaxşılaşdırmağı xahiş etməsi ilə əlaqədar yazmışdır.
Həmin məktublarda Mövlana Əkmələddin Naxçıvaniyə "həkimlərin böyüyü, həyat cövhərinin ən arınmışı, bəlaların və zəhərlərin dərmanı, ağıl ağaclarının meyvəsi, bədxah adamların meydana gətirmək istədikləri pislikləri yox edən, mərifət dəryasının cövhəri, hünərlər və gözəl iman sahibi, özü doğru oğlumuz, həkimlərin iftixarı, dinin və dövlətin Əkməli"- deyə müraciət etmişdir.
Bu iki görkəmli şəxsiyyətin - Mövlana ilə Əkmələddin Naxçıvaninin dostluq münasibətləri haqqında nisbətən ətraflı məlumatlara, o dövrün təzkirəçiləri Ə.Əflaki, Sipehsaların və Əbubəkr Zakinin əsərlərində təsadüf edirik. Qeyd olunan mənbələrdə göstərilir ki, Əkmələddin Naxçıvani Mövlanaya yüksək ehtiram və hörmətinin ifadəsi olaraq onun Rum rəssamları tərəfindən çəkilmiş portretlərini böyük məbləğdə pul ödəyərək alırdı. Əkmələddin Naxçıvani dəfələrlə Mövlananı müalicə etmiş və vəfatı zamanı Qəzənfər Təbrizli adlı başqa bir saray həkimi ilə birlikdə onun yanında olmuşdur.
Sonralar Əkmələddin Naxçıvani Mövlananın böyük oğlu, atasından sonra mövləvilik təriqətinin şeyxi olmuş Bahaəddin Sultan Vələdlə (1226-1312) tez-tez görüşər, onunla ədəbi və fəlsəfi söhbətlər edərdi. S.Vələd böyük təbibə ehtiramını "sən bu dövrdə tibb, hikmət və mərifətdə bir Əflatunsan, Yer üzünü dolanan alimlər sultanısan. Elə bir Bağdad xurmasısan ki, aləmə fəzilət meyvəsi verdin. Bu aləmdə birinin nəsibi tiryək, digərinin nəsibi zəhər olduqca ömrün dövlət, bəxt və səadətlə baqi olsun" cümlələri ilə ifadə etmişdir. Sultan Vələdin əsərində böyük həkimə 41 beytlik bir qəsidə həsr olunmuşdur. Bu qəsidənin ilk iyirmi iki beytinin baş hərflərindən "Ekmeleddin Müeyyed el-Nahcuvani" adı oxunur./"Azadlıq" qəzeti/[b][/b]