Ana Sayfa > Manşet / Xəbərlər > Laçın AZADDIR: İrəvan bundan hansı nəticələri çıxarmalıdır? - DETALLAR

Laçın AZADDIR: İrəvan bundan hansı nəticələri çıxarmalıdır? - DETALLAR


26-08-2022, 15:49. Yazar: ailehekimiklinikasi
Laçın AZADDIR: İrəvan bundan hansı nəticələri çıxarmalıdır? - DETALLAR


“Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması münasibəti ilə Müzəffər Ali Baş Komandanımızın, Azərbaycan Prezidentinin rəsmi tviter səhifəsində paylaşdığı yazını xalqımız olduqca yüksək həyəcan hissi ilə qarşıladı. Son aylarda gündəmin ən aktual problemlərindən olan Laçın şəhərinin, eyni zamanda, Zabux və Sus kəndlərinin boşaldılması cəmiyyətdə ciddi müzakirə mövzusu idi. Biz ermənilərin 44 günlük müharibədən sonrakı öhdəliklərini icra etməməsinin, müxtəlif bəhanələr gətirdiklərinin şahidi olduq. Bu istiqamətdə onlar təxribatlar törətdilər və biz şəhid verdik. Ondan sonra “Qisas” əməliyyatı keçirdik. Məhz həmin “Qisas” əməliyyatı nəticəsində həm şəhidimizin qisası alındı, həm də ermənilərə bir daha başa salındı, izah olundu ki, Azərbaycanın dəmir yumruğu yerindədir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Laçın şəhərinə və rayonun iki kəndinə Azərbaycan Ordusunun daxil olması münasibəti ilə fikirlərini bölüşən deputatın sözlərinə görə, əgər ermənilər öz öhdəliklərini yerinə yetirməyəcəklərsə, istənilən halda daha ciddi, daha qəti tədbirlər görüləcək:

“Bunun üçün hər hansı şübhə ola bilməz! Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Ölkə başçısı dediklərinin hamısını icra edib. Bu baxımdan, ermənilər söz verdilər ki, avqustun 25-nə kimi Laçın şəhərini və digər iki kəndi boşaldacaqlar. Biz Laçın dəhlizinə alternativ yolu vaxtından əvvəl inşa etdik. Amma Ermənistan tərəfi bu yolun öz ölkələrindən keçən hissəsinin inşasına hələ başlamamışdılar. Qorxu pis şeydi. Son günlərdə ermənilər çox sürətlə alternativ yolun Ermənistandan keçən 9 kilometrlik hissəsinin çəkilişlərinə start verdilər. Təbii ki, bütün bunlar Ermənistanın Azərbaycan qarşısında tam aciz vəziyyətə düşdüyünü göstərir. Çünki ermənilər müxtəlif bəhanələrlə bu öhdəliklərdən yayınmağa çalışırdılar. Laçın şəhərinə Azərbaycan Ordusunun daxil olması münasibətilə Müzəffər Ali Baş Komandanı, Azərbaycan xalqını təbrik edirəm! Laçınlıları, eləcə də Zabux və Sus kəndlərinin sakinlərinə öz təbriklərimi çatdırıram. Mütləq şəkildə inanıram ki, bu qələbələrin davamı gələcək”.

Nəsib Məhəməliyevin fikrincə, əgər Ermənistan, erməni diasporu və onlara himayədarlıq edən qüvvələr zamanında düzgün nəticə çıxarmasa, biz qarşımıza qoyduğumuz tapşırıqları ardıcıllıqla icra edəcəyik:

“Ermənistan başa düşməlidir ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın bütün bəndləri qeyd-şərtsiz icra olunmalıdır. Erməni silahlı terror dəstələri birmənalı şəkildə Qarabağı tərk etməlidirlər. Zəngəzur dəhlizi açılmalıdır. İqtisadi əməkdaşlığa başlanılmalıdır. Qarabağda məskunlaşmış, işğala qədər Qarabağla hər hansı əlaqəsi olan, orada doğulan və sonralar orada yaşamış, hazırda Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Azərbaycan qanunlarına hörmət edən, ölkəmizin vətəndaşlığını qəbul edən ermənilər üçün bütün şərait yaradılır. İnanıram ki, biz yaxın zamanlarda bu istiqamətdə daha böyük uğurlar əldə edəcəyik. Azərbaycanın nüfuzu, ölkəmizin son illər apardığı dinamik hücum siyasəti və ələlxüsus da, möhtəşəm Zəfərdən sonra özünə ciddi tərəfdaşlar qazanması, bir çox ölkələrlə strateji müttəfiqlik münasibətlərinin qurulması, ilk növbədə, Türk dövlətləri – Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkənistan və digərləri, eyni zamanda, Avropa İttifaqı ilə ciddi yaxınlaşmalar, əməkdaşlıq memorandumlarının imzalanması imkan verir ki, Azərbaycan qarşısına qoyduğu istənilən problemi özü həll etsin. Ermənilər bundan düzgün nəticə çıxarmalıdır. Regiona dayanıqlı sülh gəlməlidir. Bir daha sizləri də, Azərbaycan xalqını da, Laçınlıları da bu əlamətdar gün münasibətilə təbrik edirəm!”.
Geri dön