Ana Sayfa > Manşet / Araşdırma > Xəzər Xaqanlığı və xəzərlər - ARAŞDIRMA
Xəzər Xaqanlığı və xəzərlər - ARAŞDIRMA16-06-2018, 09:43. Yazar: ailehekimiklinikasi |
![]() “Hazarlar, Turani Türk kavimlerinin en ulu ve en şereflilerinden biridir” Zəkəriyyə Kitabçı Erkən orta yüzülliklərə damğasını vuran ünlü soylardan biri də Xəzərlərdir. Xəzərlər həmin dönəmdə Avrasiya materikinin xeyli hissəsini əhatə edən qüdrətli Xəzər Xaqanlığını qurmuşdular. Xəzər Xaqanlığı harda yerləşdirdi? Xəzər Xaqanlığı Qara dənizin quzeyindən başlamış, batıda indiki Kiyev ərazisinə, doğuda Aral gölünə, güneydə Araz çayına qədər uzanan böyük bir ərazini əhatə edirdi. Sahəsi təxmini hesablamalara görə 3 milyon kvadrat km-dən artıq idi. Ərəb coğrafiyaçısı və səyyahı Məsudi (896-956) Qafqazda 70-dən artıq millətin yaşadığını və Xəzərlərə qonşu olan ərazilər arasında Şirvanın da adını qeyd edir. Qaynaqlar Xəzər türklərinin bolsulu və balıqla zəngin olan çaylara, bərəkətli torpaqlara sahib olduğunu yazır. “Xəzər”in anlamı Xəzər sözünün anlamı haqqında bir neçə versiya var: 1. ”Gez” və ya “gəz” sözündən yaranmışdır. Köçəri türk tayfalarından biri olduğu üçün bu ad onlara verilmişdir. “Gəzən”, “köç edən”, “bir yerdə oturub qalmayan” anlamındadır. 2. Bu söz “kiçik və qıyıq göz” mənasındadır. Xəzərlər kiçik və qıyıq gözlü olduğu üçün bu ad onlara ərəblər tərəfindən verilmişdir. Hətta, bəzi araşdırmaçılar bunun üçün Əbu Hüreyrədən gələn və səhih olmayan bir hədisə də istinad edirlər. Səhih olmayan həmin hədis belədir: Məhəmməd peyğəmbər Ömərə “əyər kiçik gözlü bir qövm əcəm sərhədini keçərsə, Allah onlara hidayət verəcək” –demişdir. 3. Nuhun oğlu Yafəsin Xəzər adında oğlu olmuş və Xəzərin övladları sonralar xəzərlər adlanmışdır. 4. Xəzər sözü bir zamanlar türklər arasında ünlü olan insanlardan birinin adı olmuş və sonralar tayfa adına çevrilmişdir. Bu versiyanı araşdırmaçı Saban Kuzğun “Xəzərlər və Karay türkləri” adlı kitabında irəli sürür. Zənnimcə, bu versiyalar arasında Xəzər sözünün hansısa ünlü bir şəxs adından götürülməsi fikri daha çox məntiqə uyğundur və ağlabatandır. Çünki əski türklər arasında köçəri olan təkcə xəzərlər deyildi. Üstəlik digər türk boyları ilə müqayisədə xəzərlər oturaq həyat tərzi sürürdülər. İkinci versiya da doğru ola bilməz. Ona görə ki, ərəblər xəzər türklərinin varlığından İslam dini meydana gələndən sonra xəbər tutdular. Buna qədər isə onlar yüz illər idi ki, xəzər adıyla tanınmaqdaydılar. Həm də qıyıq gözlü olan təkcə xəzərlər deyildi. Tayfa və millət adlarının kökünün Nuh peyğəmbərin övladlarının adına bağlanması ənənəsinə uyğun olan üçüncü versiya isə qeyri-elmidir və inandırıcı görünmür. Xəzərlərin mənşəyi haqqında danışan orta yüzilliklərin səyyahları və son dövr araşdırmaçılarının çoxu onların türk boylarından biri olduğunu yazır. Təbəri, Məsudi, İbn Xəldun və digər ünlü ərəb tarixçiləri və səyyahları xəzərlərdən türk boyu olaraq bəhs edirlər. Bir çox yəhudi tarixçiləri də (Millman, Dunlop və sair) xəzərlərin türk kökənli olduğunu təsdiq edirlər. Ümumtürk tarixçiləri xəzərlərin türk mənşəli olduğunu birmənalı şəkildə qəbul etsələr də, hansı əski türk soyundan gəlməsi mövzusunda fikir ayrılığı var. Zəki Vəlidi Toğan xəzərlərin Göytürk soyundan gəldiyini deyir. Şaban Kuzğun və digər bəzi araşdırmaçılar isə xəzərlərin əski türk soylarından olan sabir (subar) türklərinin bir qolu olduğu qənaətindədir. Bu versiyaların heç birini qəbul etməyən, xəzərlərin əski zamanlardan ayrıca bir türk soyu olduğunu yazan araşdırmaçılar da var. Ünlü türk araşdırmaçısı “Abbasilər dövründə türklər” kitabının müəllifi Zəkəriyyə Kitabçı xəzərlər haqqında belə deyir: “Xəzərlər Turani türk qövmlərinin ən ulu və ən şərəflilərindən biridir”. Əslən kürd olan ünlü İslam tarixçisi və araşdırmaçısı Əli ibn əl-Əsir (1160-1233) gürcülərin mənşəcə xəzər türklərindən olduğuna işarə vuraraq belə yazır: “514-cü ildə gürcülər İslam ölkələrinə hücum etdi. Onlar xəzərlərdi”. Altıncı yüzillikdən başlayaraq xəzərlər Qafqaz ərazisində ən üstün mövqeyə və gücə malik tayfa halına gəlmişdilər. Bu illərdə bəzən Sasani kimi böyük imperiya ilə savaşan xəzərlər, Bizansda da qüdrətli türk soyu kimi tanınırdı. Xəzər dövlətinin yaranması Xəzərlər 5-ci yüzillikdə hunların hakimiyyətinə tabe idilər. 453-cü ildə Hun İmperatorluğunun qüdrətli başçısı, avropalıların “Tanrının qırmancı” dediyi Atilla öldü. Atillanın ölümündən sonra xəzərlər bağımsız durumda idilər. Hələ ki, ayrıca dövlətləri olmasa da, çox güclü olan xəzərlər vaxtaşırı Sasani İmperiyası üzərinə hücumlar edirdi. Öncə xəzərlərdən qorunmaq üçün quzey torpaqlarında qalalar tikməyə və digər tədbirlər görməyə çalışan Sasani hakimiyyəti sonda döyüşkən xəzərlərlə bacarmadığını görüb Bizans dövlətindən yardım istəmişdi. 550-ci illərdən başlayaraq xəzərlərlə sürəkli olaraq vuruşma halında olan Sasani hakimiyyəti sonda döyüşlərin nəticə vermədiyini gördü və xəzərlərlə dostluq əlaqələrinin qurulmasına qərar verdi. Zaman keçdikcə daha da güclənən xəzərlər sasaniləri tədricən güneyə sıxışdırdı. 620-ci ildən başlayaraq xəzərlər dövlət quruculuğu yolunda çalışmağa başladılar. 627-ci ildə Araz çayına qədər olmaqla Azərbaycana, 629-cu ildə isə Gürcüstan ərazisinə sahib oldular. 630-cu ildə Doğu Göytürk Xaqanlığı süquta uğradı. Həmin il bağımsız Xəzər dövləti quruldu. (Bəzi araşdırmaçılar Xəzər dövlətinin yaranma tarixini 553-cü ildən hesablamağı daha doğru variant hesab edir). Beləliklə, sonralar Araz çayından Kiyev ərazisinə, Kırımdan Aral gölünə qədər olan böyük bir coğrafiyada qüdrətli bir dövlətin əsası qoyuldu. Dövlətin paytaxtı Dağıstan ərazisində yerləşən Belencər şəhəri idi. Həmin dönəmdə Xəzər dövlətinin yaxınlığında digər bir türk dövləti də tarix səhnəsinə çıxdı. Bu, Kubrat Xanın başçılığı ilə 630-cu ildə qurulan Böyük Bolqar Xanlığı idi. Lakin xəzərlər bu torpaqlar da daxil olmaqla Avropaya qədər geniş ərazilərə sahiblənmək iddiasında idilər. Böyük Bolqar Xanlığının ömrü uzun olmadı. Xəzərlər 665-ci ildə Kubrat Xanın ölümü ilə zəifləyən bu dövlətə asanlıqla sahib ola bildilər. Sürətlə güclənməkdə və böyüməkdə olan xəzərlər bir-birinin ardınca indiki Erməniztan ərazisini, Gürcüstanı, bundan sonra Qara dənizin quzeyini və Krımı ələ keçirdilər. Xəzərlərin təkcə bir məsələdə şansları gətirməmişdi; xəzər dövlətinin yarandığı illərdə ərəb torpaqlarında digər nəhəng bir imperiyanın əsası qoyulurdu. Bu, VII yüzilliyin ortalarında əsası qoyulan ərəb xilafəti idi. Xəzər-ərəb münasibətləri 634-cü ildə ərəb xilafətinin başına Ömər ibn Xəttab kimi təcrübəli bir sərkərdənin gəlməsi Xəzərlərin Sasani torpaqlarına sahiblənməsinin qarşısını almış oldu. Sözsüz ki, bu dönəmdə ərəb dünyasında sürətlə böyüməkdə olan ərəb xilafəti olmasaydı, Xəzərlər Sasanilərin sahib olduğu bütün torpaqları ələ keçirib, nəhəng bir türk imperatorluğu quracaqdılar. Ömərin hakimiyyəti dövründə -636-cı ildə ərəb xilafəti ilə Sasanilər arasında baş verən müharibədə Sasanilər məğlub olur. 642-ci ildə Sasani İmperiyasını bütünlüklə ələ keçirən ərəb xilafəti 643-cü ildə İbn Əmirin komandanlığı altında Dərbənd üzərinə yürüş edir. Xəzərlərlə ərəblər arasında cizyə vergisi ödəmək şərti ilə sülh bağlaşması imzalanır. 644-cü ildə xəlifə Ömərin vəfatından sonra, xəlifə Osmanın və daxili savaşlardan dolayı həzrət Əlinin xəlifəliyi dönəmində ərəb xilafəti bir qədər zəifləmiş oldu. Bu dönəmdə Xəzərlər Dərbənddən Araz çayına qədər irəlilədilər və uzun müddət sərhəd savaşları baş verdi. 661-ci ildə ərəb torpaqlarında Əməvi xilafəti meydana gəldi. Əməvilər dönəmində münasibətlər yeni müstəviyə keçdi. Xəzər-Əməvi münasibətləri 661-ci ildə Müaviyənin başçılığı ilə qurulan Əməvi xilafəti bir neçə ildi ara verən xarici hücumları davam etdirməyə başladı. Müaviyənin əsas məqsədi öncə Bizansa hücum edib İstanbulu (Konstantinapolu) almaq və sonra xəzərlərin torpaqlarını ələ keçirmək idi. Müaviyə 670-ci ildə İstanbul üzərinə yerisə də, əsgərlər arasında baş qaldıran aclıq və xəstəlik səbəbindən heç bir sonuc əldə edə bilməmişdi. Əməvi xilafətinin digər hədəfi Xəzər dövləti idi. Əməvi xəlifəsi Əbdülməlikin dövründə (685-705) dəfələrlə xəzərlər üzərinə hücumlar oldu. Bu hücumlar onun oğlu Vəlid bin Əbdülməlikin dönəmində də (705-715) davam etdi. Lakin bu hücumların heç birində xəzərləri məğlub edə bilmədilər. Buna baxmayaraq hər dəfə bol qənimətlərlə geri dönməyi bacardılar. 720-ci ildə xilafətin Qafqaz valisi Cərrah bin Abdullah Dərbəndə -xəzərlər üzərinə yürüş etdi. 40 minlik xilafət ordusu ilə, 25 minlik xəzər orduları arasında amansız vuruşma oldu. Bu döyüşdə ərəblər zəfər qazandılar. Saysız qənimət və xeyli əsir götürdülər. Ərəb tarixçisi Təbərinin yazdığına görə, əsirlərin sayı həddən artıq çox olduğuna üçün, Əl Cərrah onların Belencər çayına atılmasını əmr edir. Bu yenilgi ilə razılaşmayan xəzərlər sonralar ərəblər üzərinə yürüş etmişdi. Ərdəbil yaxınlığında baş verən savaşda ərəb sərkərdəsi Əl Cərrah başda olmaqla xeyli sayda xilafət qoşunu öldürülmüşdü. Hişam ibn Əbdülmalikin (724-743) hakimiyyətindən sonra əməvi xilafətində daxili qarşıdurmalar baş qaldırmışdı. Xəlifələr tez-tez dəyişsə də xalq kütlələrinin narazı qaldığı Əməvi xilafəti 750-ci ildə devrildi. 747-ci ildən başlayaraq mübarizəyə qalxan Abbasilər başda olmaqla narazı kütlənin qarşısında duruş gətirə bilməyən sonuncu Əməvi xəlifəsi II Mərvan Misirə qaçdı. Lakin Abbasilərə qarşı savaşdığı üçün orada öldürüldü. Beləliklə, Əməvi xilafətinə son verildi və ərəb torpaqlarında yeni xilafət – Abbasilər xilafəti meydana çıxır. Xəzər-Abbasi münasibətləri Əməviləri devirəndən sonra hakimiyyətə gələn Abbasilər dünya tarixinin ən uzunömürlü sülalə hakimiyyətindən biridir. Əbül Abbas Səffahın başçılığı ilə 750-ci ildə qurulan bu dövlət 500 ildən artıq İslam dünyasına hakimlik etdi. Abbasilər Əməvilərdən fərqli olaraq təhlükə hesab etdiyi dövlətlərə qarşı müharibə aparmaq deyil, barış şəraitində yaşamağa üstünlük verirdi. Onlar iki böyük güc olaraq gördükləri Bizans və Xəzər dövləti ilə dostluq əlaqələri yaradıb, yeni qurulan dövləti möhkəmləndirmək və iqtisadi durumu yaxşılaşdırmaq niyyətində idilər. Yeni qurulan Abbasi dövlətinin Xəzər dövlətinə olan münasibətini Əbül Abbasdan sonra taxta oturan xəlifə Əl-Mənsurun (754-775) o zaman Azərbaycanın Ərməniyyə adlanan ərazisində vali olan Yezid bin Useydə yazdığı məktubdan da görmək mümkündür. Həmin məktubda xəlifə Əl Mənsur Ərməniyyə valisinə yazırdı: “Ərməniyyə bölgəsi ancaq xəzərlərlə yaxınlıq və qohumluq əlaqələri qurmaqla təhlükəsiz ola bilər. Fikrim budur ki, dövlət tam qurulana qədər xəzərlərlə qohumluq əlaqəsi qur. Çünki belə olmasa, həm sənin üçün, həm də digər valilər üçün çox rahatsız olacam. Əyər xəzərlər istəsələr orada səni məğlub edə bilərlər. Diqqətli ol və dediklərimi həyata keçirməyə çalış, onlarla qohumluq əlaqələri qurmağa çalış”. Bu, sıradan bir məktub deyil, 10 milyon kvadrat km-lik böyük əraziyə hakimlik edən xəlifənin Xəzər Xaqanlığı qarşısında keçirdiyi həyəcanın ifadəsidir. Xəlifənin tövsiyəsindən sonra Ərməniyyə valisi xəzərlərlə yaxın olmaq üçün əlindən gələni etməyə çalışmışdı. Nəhayət, Xəzər dövlətinin başçısı Baqatur Xaqanın qızı ilə evlənmişdi. Lakin xaqanın qızı dünyaya uşaq gətirərkən ölmüşdü. Bunun qəsdən edilməsindən şübhələnən Xəzər dövlətinin başçısı xilafətin əlində olan Ərməniyyə və Gürcütan torpaqlarına hücum etmiş və buraları geri almışdı. Abbasi xilafəti xəzərlərlə sərhəddə yaşayan əhalisindən heç bir vergi almırdı. Harun Ər-Rəşid (786-809) hakimiyyətə gəldikdən sonra sərhəd bölgəsində yaşayan insanlardan da vergi alınmasını tapşıranda, bu hökm böyük narazılıqla qarşılanır. Sərhəd bölgəsində yaşayan tayfaların başçıları vergi toplamaq üçün əmr alan valinin yanına getmiş və ona belə demişdilər: “İndiyə qədər bu torpaqlarda heç zaman vergi alınmayıb. Çünki bura yağıların qılıncının ağzıdır. Burada insanlar xəzərlərə qarşı dayanıb”. Xəzərlərlə Abbasi xilafəti arasında çox az hallarda savaş durumu yaranmışdır. Abbasilər xəzərlərlə hər zaman ehtiyatlı davranmağa çalışırdı. Bu, bir tərəfdən Xəzər dövlətinin kifayət qədər güclü və ordusunun döyüşkən olması ilə bağlı idisə, digər tərəfdən Abbasi xilafətində tez-tez baş verən üsyanlarla əlaqədar idi. Xəzərlərlə Abbasilər arasında yeganə ən böyük savaş Harun ər-Rəşid zamanında, 799-cu ildə baş vermişdi. Bundan sonra Xəzər dövlətinin süqutuna qədər bu iki dövlət arasında müharibə olmadı. IX yüzillikdə sakitlik mühitindən yararlanan xəzərlər ölkədə ticarəti inkişaf etdirmək yolunda uğurlu addımlar atdı. Ərəb xilafətindən bura tacirlər gəlib-getməyə başladı. İki dövlət arasında normal münasibətlər meydana gəldi. Artıq, Xəzər dövlətinin ərazilərdə xilafət torpaqlarından gələn tacirləri və İslamı təbliğ etmək üçün gələn müsəlmanları tez-tez görmək mümkün idi. IX yüzilliyin ortalarından başlayaraq ruslar (slavyanlar) tarix səhnəsində görünməyə başladı. Xəzər-rus münasibətləri Ruslar 9-cu yüzilliyin ortalarında Xəzər dövlətinin ərazilərində, əsasən İtil çayı yaxınlığında yerləşən yaşayış yerlərində ticarətlə məşğul olurdular. 9-cu yüzilliyin sonlarına yaxın isə xəzər ərazilərinə hücumlar təşkil edirlər. Ruslar 884-cü ildə digər slavyan tayfaları ilə birləşib xəzərlərə hücum etdilər. Ruslar 892-ci ildə təkrar hücuma keçdilər. Bu illərdə rus-slavyan birlikləri Xəzər dövlətinin nəzarətində olan bir sıra torpaqları ələ keçirdi. Həmin dönəmdə İtil çayı hövzəsində ticari üstünlük rusların əlində idi. Ümumiyyətlə bu illərdə güclənməkdə olan slavyan birlikləri Kiyev Knyazlığını qurmağı bacarmışdılar. Rusların bu torpaqlarda bəlli uğurlar qazanmasında və Xəzər dövlətinin nəzarətində olan bəzi torpaqları zəbt edib dövlət qurmağı bacarmasında Xəzər dövlətinin qonşusu olan Bizans İmperiyasının dəstəyi olmuşdu. Xəzər-Bizans münasibətləri Öncə qısaca olaraq deyim ki, Bizans İmperiyası (Şərqi Roma İmperiyası da deyilir) 900 il - 476-cı ildən 1453-cü ilə qədər mövcud olmuş böyük bir imperiyadır. Dili latın və yunan dili, paytaxtı Konstantinapol idi. VI yüzillikdə ərazisi 5 milyon kvadrat km. olan bu nəhəng imperiya 1453-cü ildə Osmanlı sultanı Mehmet Fatehin Konstantinapolu (İstanbulu) fəth etməsi ilə süquta uğradı. Bu iki dövlət arasınında yüz illərlə davam edən savaş durumunun mövcud olmasına baxmayaraq, yeni yaranan və güclənməkdə olan ərəb xilafəti onların birlikdə olmasına və bəzən qohumluq əlaqələri qurmasına səbəb olmuşdur. Xəzərlər 787-ci ildə Krımda Doros qalasını ələ keçirib, Qotların hakimiyyətinə son qoyur. Beləliklə, Doğu Avropada ən güclü dövlətlərdən biri olur. IX yüzillikdə Bizansla Xəzər dövləti əsasən barış, ticarət əlaqələrinin qurulması və davam etdirilməsi şəraitində yaşayırlar. Xəzərlər ilk illərdə Sasani işğallarına qarşı dirəniş göstərməkdə bir neçə dəfə Bizansa yardım etmişdilər. Lakin 10-cu yüzilliyin əvvəllərindən başlayaraq iki dövlət arasında əlaqələr pisləşir. Münasibətlərin pisləşməsində Krıma hakimlik uğrunda gedən mübarizələr öz təsirini göstərirdi. Hər iki dövlət Krıma tam sahib olmaq istəyində idi. Lakin, sonralar əlaqələrin pisləşməsində ən əsas faktor yəhudi məsələsi idi. Belə ki, 10-cu yüzilliyin birinci yarısında Bizansdan qovulan yahudiləri Xəzər Xaqanlığı himayə edib, qorumuşdu. Münasibətlərin getdikcə pisləşməsi Bizansın xəzərlərə qarşı mübarizədə ruslarla birləşməsinə və 11-ci yüzilliyin əvvəllərində Xəzər Xaqanlığının süquta uğramasına gətirib çıxarmışdı. Xəzər Xaqanlığına qarşı savaşlarda Bizansın və rusların xəzərlərdən narazı olan bəzi türk soylarını öz tərəflərinə çəkə bilməsi bu çöküşü sürətləndirən səbəblərdən birinə çevrildi. Xəzər Xaqanının nəvəsi Bizans imperatoru olur Əməvi hakimiyyətinin iki əsas hədəfi vardı: Bizans və Xəzər dövləti. Bu faktor 7-ci yüzilliyin ikinci yarısında iki dövlətin birlikdə hərəkət etməsinə və bu birliyi qarantiyə almaq üçün iki dövlət arasında qohumluq əlaqələrinin qurulmasına səbəb olmuşdu. 717-ci ildən 741-ci ilə kimi Bizansın imperatoru olmuş III Leo İsaryalı oğlu V Konstantini Xəzər Xaqanının qızı Çiçək Xatunla evləndirir. Sonralar Çiçək Xatuna Xristian qaydalarına uyğun olaraq xüsusi törənlə İrina (İrini) adı verilir. Bu evlilikdən onların Leon adlı oğlu olur. Leon sonralar Xəzər Leon adıyla tanınır və 775-ci ildə IV Xəzər Leon olaraq (Xəzərli Leon kimi də tanınırdı) Bizans İmperiyasının başçısı olur. Xəzər Leon 5 il Bizans İmperiyasına rəhbərlik edir. Onun dönəmində Bizans-Xəzər münasibətləri xeyli inkişaf edir, ticarət əlaqələri genişlənir. Xəzər Leon 780-ci ildə ölür. Ondan sonra Bizans taxtına onun yeganə oğlu, Çiçək Xatunun nəvəsi və Xəzər Xaqanının nəticəsi olan VI Konstantin keçir. Xəzərlərdə dövlətin idarə olunması Xəzər Xaqanlığı Doğu Göytürk Xaqanlığının süquta uğradığı il – 630-cu ildə qurulmuşdu. Bu səbədən bəzi araşdırmaçılar Xəzər Xaqanlığını Göytürk Xaqanlığının davamı hesab edir və onlarla eyni soydan olduğunu düşünür. Xəzər Xaqanlığı dövlət idarəetməsində Göytürk və daha əski türk dövlətlərinin idarə olunmasında mövcud olan törələri yaşadırdı. Araşdırmalarında bu mövzuya toxunan Zəki Vəlidi Toğan yazır: “Doğu Avropada Edil sahilindən Kırım arasına 6-10-cu yüzilliklər arasında bir Xəzər Xaqanlığı yaşadı. Bu dövlətin başında olan xaqanlar göy türklərin də mənsub olduğu Aşina soyuna mənsubdur, bəlkə də Doğu Avropanı idarə edən bir bölümü olaraq ortaya çıxmışdır”. Xəzər dövlətinin idarə edilməsində daha çox iştirak edən üç əsas aparıcı toplum vardı: 1.Xəzərlər. Bəzi qaynaqlarda onların Subar (Sabir) mənşəli xəzərlər olduğu yazılır. 2.Qafqaz hunları. Onlar əsasən Xəzər dənizin sahillərində məskunlaşmışdılar. 3. Batıdan gələn göy türklər. 8-ci yüzilliyin 2-ci yarısına qədər onlar Xəzər dövlətində hakim mövqeyə malik idilər. Xəzər dövlətində yaşayan soyların Orta Asiya kökənli olması savaş alətlərində özünü göstərirdi. Onların istifadə etdiyi ox, yay, qılınc, balta və sair daha əski dönəm türklərinin Orta Asiyada istifadə etdiyi alətlərlə eyni idi. Həmin dövr ərəb, Bizans, gürcü, Çin və digər qaynaqlar da xəzərlər haqqında danışarkən onları türk adlandırır. Qaynaqların yazdığına görə Xəzər dövlətinin xaqanları Aşina (Asena) soyundan seçilirdi. Göytürk inancına görə Aşina soyunun mənşəyi göylərdən gəlmişdi. Lakin buna baxmayaraq türk soyları xaqanlarını qutsal və ilahi varlıq olaraq deyil, özlərindən biri kimi qəbul edərdilər. Əski türklərdə olduğu kimi xəzərlərdə də xaqanlıq ilahi qaynaqlı sayılardı. Bu, onlarda “qut” anlayışının olmasından irəli gəlirdi. Xaqan, millətinə və dövlətinə xidmət yönündə, özünü Tanrı qarşısında sorumlu hiss edərdi. “Qut” Tanrının vermiş olduğu güc, qismət, ucalıq və görəv anlamında idi. Qut sözü “can”, “ruh”, “yaşam qaynağı” anlamında da başa düşülürdü. Əski türk inancına görə Aşena (Asena) Tanrının “qut” verdiyi soy, nəsil idi. Lakin buna baxmayaraq, istər göy türklərdə və istərsə də xəzərlərdə xaqanlar dövləti təkbaşına idarə etməzdi. Mühüm qərarlar verməzdən öncə dövlətin yetkililəri ilə birlikdə məsləhətləşmə toplantısı keçirilərdi. Ən əski dönəmlərdən türk dövlət başçıları bir neçə adla tanınırdı. Xan, Yabğu, Şanyu və sair bu kimi adlar həmin şəxsin titulunu bəlli edirdi. Türk soyları arasında ən geniş yayılmış başqan titulu Xaqan (Kağan) idi. Xəzər dövlətində də dövlətin başçısı xaqan idi. Xaqan Xaqan “kağa xan” sözündən meydana gəlmişdir. “Böyük, ulu xan”, “xanlar xanı” anlamındadır. Bu söz farsca işlənən “şahənşah”, latınca deyilən “imperator” sözünə yaxın mənalı sözdür. Əski türklərdə hər dövlət başçısına Xaqan deyilməzdi. Bu söz erkən orta yüzilliklərə aid qaynaqlarda daha çox Göytürk və Xəzər dövlət başçıları haqqında danışarkən işlənir. Xəzər dövlət başçıları haqqında danışarkən Yabğu sözü də işlənməkdədir. Qaynaqlarda 7-ci yüzilliyin 30-cu illərində Xəzər dövlətinə başçılıq edən Tong Yabğunun adı çəkilir. Bəzi mənbələr xaqanlar ölərkən onun İdil (İtil) çayına, axar suyun altına dəfn edildiyini və onlar haqqında danışarkən “uçmağa getdi” (cənnətə getdi) deyə xatırlandığını yazırlar. Xəzərlərin tarixini araşdıran araşdırmaçılardan biri olan Kevin Alan Brok “Bir türk imperatorluğu Xəzər türk yəhudiləri” adlı əsərinin “Xaqan” başlıqlı hissəsində yazır: “Xəzərlərdə ən üst qurum yönətici Xaqandı. Bu üzdən onların dövləti Xaqanlıq adlanırdı. Xəzər xaqanları ənənəvi törələri xaqanlığın əsas qanunu olaraq görürdülər. Xəzər xaqanlığı yeddinci yüzilliyin ortalarında xarizmatik bir xaqan tərəfindən quruldu. Xaqanlıq atadan oğula keçirdi və xaqanların Asena soyundan gəldiyinə inanılırdı”. Xaqanın və dövləti idarə edən yetkililərin oturduğu saraya İl ebi (El evi) deyilirdi. Qaynaqlar Xəzər dövlətində ayrı-ayrı birliklərin təmsilçiliyi ilə yaradılmış Məclisin fəaliyyət göstərdiyini yazır. Xaqanlar Məclisi dinləyər və səslənən fikirlərə görə qərar çıxarardı. Məclisdə hər kəs öz fikrini açıq söyləyə bilərdi, bəzən xaqanın özü belə tənqid olunardı. Məclis üzvlüyünə toplumun ən nüfuzlu nümayəndələri seçilərdi. Orta yüzilliklərin bir çox dövlətlərində olduğu kimi xəzərlərdə də ordunun təşkilinə nə nizamına xüsusi diqqət ayrılardı. Xəzər ordusu Hər zaman savaş durumunda olan dövlətlər üçün ordunun varlığı özəlliklə mühüm idi. Xəzərlər də güclü rəqiblərlə üz-üzə idilər. Bu üzdən ordunun güclü olması çox önəmli idi. Əski türk ordusunda əsgərlər on nəfərlik, yüz nəfərlik və min nəfərlik qruplara bölünürdü. On nəfərlik qrupa başçılıq edən onbaşı, yüz nəfərə başçılıq edən yüzbaşı və min nəfərə başçılıq edən minbaşı adlanırdı. Türk ordularında ən böyük döyüşçü birliyi tümən adlanırdı. Bir tüməndə 10 min əsgər olurdu. Xəzər ordusu da əski türk gələnəklərinə uyğun formalaşmışdı. Xəzər əsgərləri çox yaxşı döyüşçülər idi. Qaynaqlar Bizans, Sasani və Abbasi dövlət başçılarının, dövlətin mühafizə sahələrinə xəzər əsilli əsgərləri yerləşdirməyə çalışdıqlarını yazır. Onlar çox güvənli mühafiz və mahir döyüşçülər idi. 10-cu yüzillikdə yaşamış ərəb səyyahı İbn Fədlanın yazdığına görə Xəzərlərdə ordunun hazırlıqlı olmasına xüsusi önəm verilirdi. Xəzər döyüşçüləri heç zaman döyüşdə geri çəkilməzdi. Əyər döyüşə göndərilən xəzər əsgərləri uğursuz sonucla geri dönərdisə, ordu rəhbərliyi bütün əsgərləri cəzalandırardı. Hətta, bəzən onları öldürər, heyvanlarını və silahlarını başqalarına verərdilər. Xəzər dili Xəzər dövlətində bir neçə dildə danışılırdı. Bunlar, bolqar türkcəsi, macar türkcəsi, xəzər türkcəsi (əski göytürk dili və ya subar türkcəsi), sonralar yunan dili və İslamın Dağıstan ərazisində və İtil bölgəsində bir qədər yayılmasından sonra ərəb dilindən də istifadə olunurdu. Əlbəttə, Xəzər dövlətində danışılan dilləri bu sadalanan dillərlə məhdudlaşdırmaq mümkün deyil. Çünki Xəzər xaqanlığının mövcud olduğu ərazi onlarla ayrı-ayrı etnosların yaşadığı bir coğrafiya idi. Xəzər türkcəsinin özəllikləri bu günə qədər tam şəkildə öyrənilməyib. Nədən ki, 3 məktub istisna olmaqla xəzər türklərinə aid heç bir yazılı sənəd ortada yoxdur. Bu məktublardan ikisi ibrani dilindədir. Birincisi, Xəzər xaqanına ibranicə yazılmış məktub, ikincisi, xaqan tərəfindən ibranicə verilən yazılı cavabdır. Üçüncü məktub isə xəzər türkcəsindədir. Lakin bu məktubun da indiyə qədər kim tərəfindən yazıldığı və kimə yazıldığı bəlli deyil. Buna baxmayaraq, xəzər türkləri arasında geniş yayılmış və bizə məlum olan bir sıra adlar var ki, həmin adlara baxdıqda xəzər türklərinin dili haqqında bəlli təsəvvür yaratmaq mümkün olur. Məsələn, Alp, Baqatur, Buğa, Qutərkin (Kuterkin), Manas, Ötəmiş, Tarxan, Çiçək (Çiçak), Xatun, Barsbək və sair bu kimi əski türk insan adları xəzər türkləri arasında geniş yayılmış adlar idi. Araşdırmaçı Pinar Özdəmir hazırda Xəzər dövlətinin mövcud olduğu ərazilərdə yaşamaqda olan türk boylarının bir çoxunun xəzər kökənli olduğunu düşünür. Bu boyların, özəlliklə də yəhudi dininə (iudaizmə) sitayiş edən karaimlərin dilini araşdırmaqla xəzər türkcəsini bəlli səviyyədə öyrənməyin mümkün olduğunu iddia edir. Bütün hallarda düşünmək olar ki, qüdrətli dövlət olaraq varlığını qoruyub saxlayan Xəzər dövlətinin bəlli bir dönəm üçün olsa da, gəlişmiş bir dili və mədəniyyəti olmuşdur. Bu səbəbdən xəzər mövzusu hələ uzun illər və davamlı şəkildə araşdırılmalıdır. Xəzər mədəniyyəti Əvvəllər göytürk, sonralar isə ibrani dili başda olmaqla digər bir neçə dildən də istifadə edən Xəzər dövlətindən yetərli sayda yazılı sənədlərin bu günə yetişməməsi, bu dövlətin mədəniyyəti haqqında geniş danışmağa imkan vermir. Xəzərlər Orta Asiyada yaşadıqları dönəmdə digər türk boyları kimi köçəri həyat tərzi sürürdülər. Bu üzdən daha çox çadırlardan istifadə edərdilər. Erkən orta yüzilliklərdə yer dəyişdirən və dövlət qurmağı bacaran xəzərlər yaşam tərzlərini də dəyişməyə başladılar. Dövlətin mədəniyyətini də inkişaf etdirdilər. Xəzər Xaqanlığının ərazisində Etil, Saksın, Belencər kimi inkişaf etmiş şəhərlər vardı. İtil çayı sahilində qurulan Etil şəhəri isə daha çox gəlişmişdi. İtil çayının sahilində xaqanın bişmiş kərpicdən evi vardı. Xaqanlığın inkişaf etdiyi dönəmlərdə bişmiş kərpiclərdən ev tikmə ənənəsi bəlli səviyyədə yayılmışdı. Bişmiş kərpiclərdən qalaların tikintisində və əsgərlərin qaldıqları yerlərdə də istifadə olunurdu. Xəzər Xaqanlığında bu ənənənin inkişaf etməsində, yüzillərlə dövlətçilik yaşı olan Sasani imperiyasının və yüksək ticarət əlaqələri qura bildikləri Bizans imperiyasının da rolu olmuşdu. Xalq arasında ağacdan hazırlanmış, üstünə keçə çəkilmiş evlərin tikilməsi də geniş yayılmışdı. Xəzərlərdə əli işi sənətləri və əkin-biçin zamanı istifadə olunan alətlərın hazırlanması sənəti də geniş yayılmışdı. Xəzərlərdə geyim mədəniyyəti, ayrı-ayrı paltarların hazırlanması isə digər dövlətlərdən gələn insanları təəccübləndirəcək səviyyədə gəlişmişdi. Xəzərlərdə din Xəzərlər erkən orta yüzilliklərdə Orta Asiyadan gələndə digər türk boyları kimi tək Tanrıya inanırdılar və əski Tanrıçılıq dininə sitayiş edirdilər. Gəldikləri yeni ortamda bir-birindən fərqli dinlər ilə əhatələndilər. Bir tərəfdə Xristian Bizans, bir tərəfdə Zərdüşt dininə tapınan Sasani ipmeriyası, sonralar yahudi dininə mənsub olanların Xəzər dövlətinə gəlişi və yeni yaranan İslam dininin Avropaya qədər gəlməsi Xəzər əhalisinin dini dünyagörüşündə ciddi izlər buraxmaqdaydı. Qafqazda yaşayan və Xəzər Xaqanlığında aparıcı toplumlardan olan Hun türkləri Tanrıya inansalar da, dini görüşləri xəzərlərin dini görüşlərindən fərqlənirdi. Onlar Günəşi Tanrının simvolu olaraq qəbul edər, Günəşə və suya qurban kəsərdilər. Tanrı üçün isə at qurban kəsərdilər. Atı ən doğma və sayğın heyvan olaraq qəbul etdikləri üçün, Tanrıya at qurban kəsməyin daha üstün əməl olduğuna inanırdılar. Bu, “ən çox sevdiyimizi ən çox inandığımızdan, sevdiyimizdən və Ulu Yaradanımızdan əsirgəmirik” anlamında idi. Hunların bu inancı xəzər xaqanlarına da təsirsiz ötüşməmişdi. Xəzər Xaqanlığında tək Tanrı inancı (Tanrıçılıq) IX yüzilliyə qədər ən geniş yayılmış inanc idi. IX yüzillikdən başlayaraq burada Xristianlıq və İslam dini də yayılmağa başladı. İslam dini ticarətlə məşğul olan insanlar arasında daha yayğın idi. Xəzər Xaqanlığı arasında bir din də yayılmağa başlamışdı. Bu, İudaizm (Musəvilik) dini idi. Bu din, 8-ci yüzilliyin ortalarından başlayaraq xəzərlər arsında geniş yayılmış dinlərdən birinə çevrildi. Bunun da əsas səbəbi o idi ki, xəzər xaqanları və saray əhli iudazimi qəbul etdi. Xəzər dövləti iudazimi qəbul edən ilk və tək türk dövlətidir. Bu mövzuda fərqli düşünən araşdırmaçılar da var. Məsələn, araşdırmaçı Zəkəriyyə Kitabçı xəzər xaqanların Musəviliyi din olaraq deyil, yaşam tərzi olaraq seçdiyini deyir. Yəni onlar dini qəbul etmədilər, bu dinin yaşam tərzini qəbul etdilər. Ancaq düşünürəm ki, bu yanaşma doğru deyil. Çünki bir dini yaşam tərzi olaraq seçmək, o dini qəbul etmək deməkdir. Zatən, dinlər təkcə inanc deyil, həm də yaşam tərzidir. Xəzərlərin nədən məhz Musəviliyi seçməsi bu günə qədər mübahisə mövzusudur. Kimisi bunu Xəzər xaqanının gördüyü bir yuxuya bağlayır, kimisi də Xristian və İslam dininə qarşı duruş gətirə bilmək üçün seçdiklərini yazır. Fərqli düşüncə ortaya qoyanlar da var. Lakin düşünürəm ki, bu versiyalar əsas ola bilməz. Həmin dönəmdə öncə Fələstindən, sonralalar Sasani İpmeriyasından və Bizansadan gələn xeyli sayda Musəvi Xəzər Xaqanlığında məskunlaşmışdı. Məncə, onlar zamanla dövlətin başında duran insanlara və xaqana yaxın olmağı bacarmış, sonda onları məqsədə doğru gedən yolda məntiqli və inandırıcı çıxışları ilə öz təsirləri altına almağı və inandırmağı bacarmışdılar. Xəzərlərin çöküşü və bu çöküşün səbəbləri X yüzilliyin ortalarından başlayaraq Xəzər dövləti zəifləməyə başlamışdı. Bu illərdə Xəzər torpaqlarında qazana bildiyi ticarət uğurları hesabına güclənən slavyanlar Kiyevdə dövlət qurmuşdu. Onlar Xəzər ərazilərinin xeyli hissəsini, o cümlədən Krımı işğal etmişdilər. Bizansla münasibətlər pisləşmiş, daxildə isə birlik pozulmuşdu. Nəticədə 11-ci yüzilliyin əvvəllərində Xəzər Xaqanlığı çökmüşdü. Beləliklə, həmin dönəmdə Xəzər Xaqanlığının daxilində və yaxın xaricində baş verən hadisələri incələyərək, aşağıda sadaladığım halların Xəzər Xaqanlığının çöküşünə əsas səbəb olduğu fikrinə gəldim. Mənim qənaətimcə Xəzər dövlətinin çökməsinə daha çox səbəb olan hallar bunlar idi: 1. Getdikcə güclənməkdə olan qonşu Bizans İmperiyası ilə münasibətlərin olduqca pisləşməsi və Bizansın daxildə və xaricdə Xəzər Xaqanlığından narazı olan qüvvələri öz tərəfinə çəkməsi. 2. Xəzər torpaqlarında –Kiyevdə slavyanların dövlət qurması və Bizansın hərtərəfli yardımı ilə slavyanların xəzərlər üzərinə sürəkli basqınları. 3. Xəzər Xaqanlığında yaşaya türk soyları arasında birliyin olmaması. Xaqanlığın içərisində tez-tez üsyanlar baş verməyə başlamışdı. Hətta, bu torpaqlarda yaşayan türk soyları arasında münasibətlər pisləşmişdi. Məsələn, peçeneklərlərlə macarlar arasında tez-tez baş verən döyüşlər sonucunda macarlar Xaqanlığın ərazisini tərk etmiş və 896-cı ildə Orta Avropada Arpad Xanədanlığının əsasını qoymuşdular. Üstəlik, bundan sonra bolqarlar və peçeneklər birləşərək Arpad Xanədanlığına hücum etmişdilər. Uz (az) Kuman və Qıpçaq boyları xəzərlərə qarşı çıxmağa başlamışdılar. Birliyin olmaması sonralar bu toplumların böyük hissəsinin assimilyasiyaya uğraması ilə sonuclandı. 4. Orduda nizamın pozulması 5. Xəzərlər vahid mədəniyyətini yarada bilmədilər. Yüz illərlə mövcud olsalar da, ölkədə vahid dil, din və yazı kültürü ortaya qoymadılar, yaxud da, qoya bilmədilər. Ölkədə həm Xristianlıq, həm Tanrıçılıq, həm İslam, həm İudaizm və digər dinlər yayılmaqda idi. Fərqli inanclar toplumun birləşməsinə əngəl yaradırdı. Üstəlik Xəzər Xaqanlığının mövcud olduğu ərazilərdə onlarla ayrı-ayrı etnoslar yaşayırdı. Az qala hər etnosun ayrı inancı və adət-ənənəsi vardı. Görünən budur ki, xəzər xaqanları dövlətin varlığını və birliyini qorumaq üçün iudaizmi (Musəviliyi) qəbul etsələr də, bu inanc xalq arasında yayılmadı. Sonucda hakim dairələrlə xalq arasında uçurum yarandı. Bu isə ayrı-ayrı toplumların dəstəklərinin itirilməsinə nədən oldu. Nəhayət, 10-cu yüzilliyin sonlarında və 11-ci yüzilliyin başlanğıcında Xəzər dövləti tamamilə zəiflədi. 1030-cu ildə bu dövlətin varlığına son qoyuldu. Qaynaqlar: 1. L. Rasonyi, “Tarihte Türklük” (Ankara, 1971) 2. B.Ögel, “Türk Kültür Tarihi” (Ankara, 1962) 3. Ramazan Şeşen, “İbni Fadlan seyahatnamesi” (İstanbul, 1976) 4. Y.Kutluay, “İslam ve Yahudi Mezhepleri” (Ankara, 1965) 5. Şaban Kuzgun, “Hazar Türkleri” (1984) 6. Şaban Kuzğun, “Hazarlar ve Kuzey Türkleri” (Ankara 1993) 7. İsmail Doğan, “Yeni Bilgiler Işığında Hazarlar ve Soy Kütükleri Üzerine Katkılar” (İstanbul: Orkun Türkçü Dergisi, 2000,say: 30) 8. Pınar Özdemir, “HAZAR TÜRKÇESİ VE HAZAR TÜRKÇESİ LEKSİKOLOJİ TESPİTİ DENEMESİ” (“Karadeniz Araştırmaları” 2013, say: 36) 9. Ramazan Şeşen, “İslam Coğrafyacılarına Göre Türkler ve Türk Ülkeleri” (İstanbul 1985) 10. M. İ. Artamonov, “Hazar Tarihi” (İstanbul 2004) 11. V.V.Bartold, “Orta Asya Tarihi Hakkında Dersler” (Ankara 1975) 12. Eşref Buharalı, “Hazar Türkleri’nin Kültür Tarihine Ait Bazı Notlar” (“Türk Kültürü”, say: 29) 13. D.M.Dunlop, “Hazar Yahudi Tarihi” (İstanbul 2008) 14. Mevlüt Koyuncu, “Emeviler Devrinde Hazarlarla yapılan Mücadeleler”, (Sakarya 1997) 15. Zeki Velidi Toğan, “Hazarlar” (Ankara 1997) 16. Hakkı Dursun Yıldız, “Hazarlar” (İstanbul 1998) 17. Abdülkadir Donuk, “Eski Türk Devletlerinde İdari-Askeri Unvan ve Terimler” (İstanbul 1988) 18. İbn Fadlan, “Bin Yıl Önce Türkler ve Ötekiler” (İstanbul, 2007) 19. Erol Güngör, “Tarihte Türkler” (İstanbul, 1990) 20. Hasan Ata, “Türk Kavimler Tarihi” (İstanbul 2001) 21. İbrahim Kafesoğlu, “Türk Tarihi” (Ankara 1976) 22. İbrahim Kafesoğlu, “Hazar Hakanlığı” (Ankara 1977) 23. Zekeriya Kitabcı, “Hazarlar Hakkında Yeni Tarihi Gerçekler” (Türk Dünyası Araştırmaları Dergisi, İstanbul, Nisan 2005) 24. Hasan Kocarık, “HAZARLARDA DEVLET YÖNETİMİ” “KİLİS 7 ARALIK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ-2013) 25. Dr. Gökhan Dilbaş “Macar Tarihinde Peçenekler” (Ankara “History Studies” dərgisi, say:3) ![]() Namiq Hacıheydərli 2015 Geri dön |