Xəbərlər



Professor Nəcəfov Adil Məşədi Yusif oğlu
Professor Nəcəfov Adil Məşədi Yusif oğlu





















Professor Nəcəfov Adil Məşədi Yusif oğlu 1925-ci il fevralın 12-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə o, 1942-ci ildə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində korrektor kimi başlamışdır. 1943- 1944 -cü illərdə Böyük Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və 1950-ci ildə oranı bitirmişdir. 1950-1953-cü illərdə Moskva şəhərində aspiranturada təhsilini davam etdirmiş və 1953-cü ildə Moskvada SSRİ Elimlər Akademiyasının Fəlsəfə institutunda namizədlik dissertasiyası, 1967-ci ildə Bakı şəhərində “Sosialist millətlərinin mədəniyyətlərinin yaxınlaşması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə isə professor vəzifəsinə seçilmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısı. 1959-1963 illərdə Azərbaycan Milli EA-da işləmişdir.
A.Nəcəfov 1963-cü ildən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradıcısı və 1989-cu ilə qədər fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışmışdır. Prof.A.Nəcəfov fəlsəfə kafedrasına rəhbərlik etdiyi dövrdə elmi, ictimai və pedaqoji fəaliyyəti üzvi vəhdətdə götürmüş çoxsaylı xidmətlər göstərmiş və onu tanıyanların qəlbində özünün möhtəşəm heykəlini ucaltmışdır. Prof.A.Nəcəfov nəcib, qayğıkeş, insanları qəlbən sevən, sözün həqiqi mənasında “həyat filosofu” idi. Ona görə də kafedranın kollektivi, tələbələr və institutun professor və müəllim heyəti onu sevir və şəxsiyyətinə hörmət edirdilər. Prof. A.Nəcəfov Respublikamızın, eləcə də institutun ictimai-siyasi həyatında yaxından və fəal iştirak edirdi. 1988-ci ildə başlanan erməni təcavüzü dövründə prof. A.Nəcəfov çoxsaylı müxtəlif yığıncaqlarda, tələbələr arasında etdiyi çıxışlarda hadisələrə öz kəskin münasibətini bildirmiş, bu təcavüzü pisləmişdir. Həmin dövrdə öz doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın düşdüyü acınacaqlı vəziyyət, doğma torpaqlarımızın erməni faşistləri tərəfindən zəbt edilməsi, hadisələrin sonrakı axarı prof. Nəcəfovu mənəvi-psixoloji cəhətdən ciddi sarsıtmışdır. O, 1989-cu ilin oktyabrın 7-də qəflətən vəfat etdi.

Baxış sayı: 358