Xəbərlər



Hipertoniya
Hipertoniya





















Hipertoniya – xroniki xəstəlik olub arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur. Normada sağlam adamın arterial təzyiqi (A/T) 110/70-120/80mm.civə.süt olur.
Arterial təzyiqin bu göstəricidən bir qədər artıq olması, heç də hipertoniyanın olması demək deyil, bəzi insanlarda 139/89 mm.civə.süt olur.Bu hal orqanizmin fərdi xüsusiyyəti də ola bilər.
Ancaq, arterial təzyiq müntəzəm olaraq 139/89 mm.civə.süt-dan artıq olarsa, bu zaman hipertoniya xəstəliyinin inkişaf etməsindən danışmaq olar.
Hipertoniya xəstəliyi – ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biridir. Bir çox hallarda insanlar hətta özlərində bu xəstəliyin inkişaf etməsindən şübhələnməyərək, bədənlərində baş verən bu dəyişiklikləri yorğunluğun, streslərin və digər səbəblərin “ayağına yazırlar”. Xüsusən də bu, cavan yaşında olanlara xarakterikdir. Çünki onların əksəriyyəti belə fikirləşir ki, hipertoniya ancaq yaşlı və qoca adamlarda baş verir. Yadda saxlamaq vacibdir ki, bu çox səhv fikirdir! Hipertoniya cavan yaşlarda da inkişaf edə bilər!
Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Çünki vaxt ötdükcə xəstəlik inkişaf edib ağırlaşaraq ürəyi (miokardın infarktı, stenokardiya, ürək çatmamazlığı), beyini (insult), böyrəkləri (böyrək çatışmazlığı), damarları (həmçinin göz dibi damarlarını) zədələyir.
Hipertoniya xəstəliyi, xroniki xəstəlikdir. Ona görə də bu xəstəliyə düçar olanlar ömürlərinin sonunadək həkim-kardioloqun nəzarətində olaraq müvafiq müalicə kursları almalıdırlar. Bu zaman onlar həkim tərəfindən təyin olunan dərmanları vaxtında qəbul etməli, onun məsləhət gördüyü pəhriz və həyat rejiminə və digər məsləhətlərinə əməl etməlidirlər. Heç bir halda həkim tərəfindən təyin olunan dərmanın qəbulunu dayandırmaq, onun dozasını dəyişmək və ya digər dərmanla əvəz etmək olmaz! Bu, xəstə üçün çox acınacaqlı nəticə verə bilər! Həkim kardioloqun baxışı və onun təyin etdiyi profilaktik müalicə kursu xəstəliyin kəskin dövründən sonra, ildə iki dəfə olmaqla (əsasən yaz və payız aylarında) aparılır. Təzyiqin yüksəldiyi hər bir halda isə tez bir zamanda müalicə həkiminə müraciət etmək lazımdır!
Baxış sayı: 243