Azərbaycan Konstitusiyası: “Dini ayinlərin icrası ictimai asayişi pozmursa və ictimai əxlaqa qarşı deyilsə, azaddır...”
“Azərbaycanda hicablı qadınlar heç yerdə iş tapa bilmir və…”
Azərbaycanda müsəlman qadınların hicab geyinməsinə rəsmi və qeyri-rəsmi münasibət ABŞ mətbuatının diqqətini cəlb edib.
Moderator.az xəbər verir ki, “Eurasianet” nəşri bununla bağlı araşdırma aparıb. Materialın bəzi məqamlarını nəzərinizə çatdırırıq:
“Sevda Kamilova universiteti dilçilik üzrə diplomla bitirib və gözləyirdi ki, ingilis dilinə yiyələnməyi Azərbaycanın turizm sahəsində və ya mehmanxana biznesində yüksəkmaaşlı iş tapmağa imkan verər. О, bir neçə beynəlxalq şirkətdə müsabiqədə olub. Amma hər dəfə soruşublar ki, işdə yaylıq örtməməklə razılaşacaqmı? О, imtina edib və bununla da müsabiqə bitib. Yəni iş əldə edə bilməyib...
O deyib: “Bu şirkətlər istəmir ki, hicablı qadın onları təmsil etsin”.
Sevda xanım hazırda öz ailəsinin qurduğu şirkətdə çalışır və müsəlman baş örtüyü bağlamaqda davam edir. Kamilova izah edib: “Mənim üçün imanım önəmlidir və iş xatirinə hicabı açmaq istəmirəm”.
Azərbaycanlıların 97%-i özünü müsəlman adlandırsa da, dini qaydaları ciddi gözləyənlərin sayı xeyli azdır və ölkə özünün dünyəvi ənənələriylə fəxr edir. Amma SSRİ dağıldıqdan sonra dini ayinlərə riayət edənlərin sayı çoxalıb. Heç kim statistika aparmasa da, hicab saxlayan qadınların sayının gözədəyən artımı Azərbaycan cəmiyyətində kəskin mövzu olub. Hicab bağlayanların dedikləri kimi, bununla yanaşı, əks-təsir də meydana çıxıb...
Sumqayıtda müsəlman geyimləri dükanının sahibi Sədaqət xanım “Eurasianet”ə belə deyib:
“İndi dinin ardınca sərbəst getmək olar və hicab bağlamaq istəyənlər bunu edə bilərlər”.
Amma onun sözlərinə görə, hicab və ekstremizm arasında birbaşa bağlılıq haqda geniş yayılmış yanlış təsəvvürlərlə bağlı sosial basqı əvvəlki kimi qalır. Azərbaycanlı xanım Amerika nəşrinə deyib:
“Bəzi qadınlar sonunda hicabı çıxardırlar ki, camaat içində gərəksiz diqqət çəkməsinlər”.
Bakıda müsəlman geyimi ticarəti edən başqa bir şirkətin sahibi deyib ki, başıbağlı qadınların çoxu iş axtararaq onun dükanına üz tutur, çünki başqa yerlərdə ayrı-seçkiliklə üzləşirlər. “Onlar heç harda iş tapa bilmir və hicab alveri edən dükanlarda işə düzəlməyə çalışırlar”.
Azərbaycan Konstitusiyası çoxlu düzəlişlərlə olsa da, iman azadlığına zəmanət verir. 48-ci maddədə deyilir:
“Dini ayinlərin icrası ictimai asayişi pozmursa və ictimai əxlaqa qarşı deyilsə, azaddır”.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin baş müşaviri Aynur Veysəlova deyib ki, iş yerində hicab məsələsinə qanunda birbaşa qadağa qoyulmur, lakin dövlət müəssisələrinin işçilərinin hicab geyinməsinə qeyri-rəsmi yasaq var.
“Azərbaycan dünyəvi dövlətdir, konstitusiyamız da dünyəvi dəyərlərə söykənib, – Komitə rəsmisi deyib. – Məsələn, Türkiyədə hicablı qadınların hətta hökumət idarələrində işləməsinə imkan verən qanunlar var, amma bizdə belə bir şey yoxdur”.