"İlin sonuna qədər Azərbaycanla sülh sazişinin bağlanacağına dair Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi tezislər əhalinin böyük hissəsi tərəfindən məqbul qəbul edilir. Ən azından Ermənistan əhalisinin 60-65 faizi bu məsələdə Nikol Paşinyanı dəstəkləyir. Amma müxalifət düşərgəsi baş naziri “ölkəni, Qarabağı satmaq"da ittiham edir. Onlar əhalini qızışdıraraq anti-Paşinyan cəbhəsi formalaşdırmağa çalışırlar”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun fikrincə, baş nazir Nikol Paşinyan son dönəmlər əlini bir xeyli qüvvətləndirib:
“Bu vaxta qədər mitinqlərə çox böyük sərbəstlik vermişdilər. Amma bundan sonra mitinqlərin keçirilməsinə görə, müxalifət hakimiyyət orqanlarından icazə istəməlidir. Eyni zamanda, polis, mitinqlərin keçirildiyi ərazini həlqəyə, blokadaya alacaq. Yəqin ki, Koçaryan, Sarkisyan və digərləri barəsində başladılan məhkəmə proseslərinə yenidən start verəcəklər. Ola bilsin ki, onlar da cəmiyyətdən təcrid olunaraq həbsxanalara salınsın. Paşinyan bundan sonra müxalifətə qarşı daha radikal tədbirlər həyata keçirmək fikrindədir. Bir sözlə, cəmiyyət qarşıdurma şəraitində yaşayır. Amma bu qarşıdurmada hələ ki, qüvvələr nisbəti Ermənistanın baş nazirinin xeyrinədir”.
Politoloq düşünür ki, xüsusilə Avropa İttifaqının və ABŞ-ın maliyyə yardımları onun nüfuzunun əhali arasında müəyyən qədər möhkəmlənməsinə səbəb olub:
“Ermənistan müxalifətinin son zamanlar Rusiyadan böyük dəstək almasına baxmayaraq, hələ də sıralarını genişləndirə, güc mərkəzi kimi çıxış edə bilmir. İrəvanda mitinqlərin keçirilməsinə hələ ki, icazə verilir. Amma mitinqlərə lazımı sayda insanları cəlb etməkdə çətinlik çəkirlər. Ölkədə bir baş nazir və onun partiyası var. Digər tərəfdə isə Rusiyanın dəstəyi hesabına müəyyən qədər populyarlığını artırmış müxalifət mövcuddur. Amma müxalifətin üzərində “Qarabağ klanı” “yarğısı” da var. Eyni zamanda, həmin müxalifət iqtidarda olduğu 20 il ərzində ölkənin əmlaklarını, büdcəsini talayıb. Ortada ciddi ittihamların olduğunu görürük. Hətta hazırda bu kimi hallarla bağlı İrəvanda istintaq gedir. Müxalifət liderləri, fəalları hələ də tam olaraq istintaqdan yaxalarını qurtara bilməyiblər. Robert Koçaryan, Serjik Sarkisyan, Seyran Ohanyan və digərləri müxtəlif cinayətlərinə görə istintaqa cəlb ediliblər. Bütün bunlara baxmayaraq, onları həbs edib təcridxanaya sala bilmirlər. Onlar Rusiyanın təzyiqi altında azadlığa buraxılıblar. Ev dustaqlığı şəraitində də fəaliyyət göstərir, Nikol Paşinyana qarşı öz işlərini görürlər”.