"Azərbaycan sionistlər tərəfindən idarə olunur", "Bölgədə sərhədlərin dəyişməsinə imkan verməyəcəyik", "Ermənistan kimi zəif bölgə dövlətlərini dəstəkləyəcəyik", "Azərbaycan yürütdüyü siyasətə bir daha nəzər salmalıdır, yoxsa səbr kasası daşa bilər".
Bu aqressiv ritorika, hədələr, ultimatumlar İran İslam Respublikasının ən üst düzəydəki rəhbərliyindən tutmuş, əyalət mollasınadək fərqli tabanlarda olan rəsmilərinin, mediasının, siyasətçilərinin, hərbçilərinin və s.-nin son günlərdə bizə, Azərbaycana ünvanladığı bəyanatların qayəsini təşkil edir.
Rəsmi Tehranı, İranı idarə edən teokratiyanı qəflətən belə sərtləşməyə, hətta aqressivləşməyə vadar edən nədir?
Sentyabrın sonlarından bəri İran İslam Respublikasında ölkəmizə ünvanlanmış ritorik, aqressiv açıqlamalar səslənməyə başlayıb. İş o yerə çatıb ki, iranlı generallar ümumiyyətlə, "İsrail aktivləşərsə, Azərbaycanı yox edə bilərik" tipli marazmatik bəyanatlar verir.
İran ordusu Azərbaycanın cənub sərhədlərinin yaxınlığında genişmiqyaslı təlimlər keçirir.
İran nədən gücünü göstərmək, Azərbaycana təzyiq etmək, rəsmi Bakını "ram etmək" niyyətinə düşüb.
Rəsmi Tehranın aqressivliyi sözlərlə və bəyanatlarla bitmir. Son 30 ildə cənub sərhədlərimiz boyunca ən genişmiqyaslı təlimlər keçirən İranda media və siyasətçilər, din xadimləri və deputatlar durmadan vurğulayırlar ki, "erməni hərbçiləri Zəngəzuru tərk etsələr, İran Araz çayını keçəcək".
İlk baxışdan sanki siyasi absurd teatrıdır: İsrailin məsələyə nə dəxli var və erməni hərbçilər nədən Zəngəzuru tamamən tərk etməlidirlər?
Bəlli ki, İran İsrailin məhvini arzulayır və bütün səylərini cəmləyərək, var qüvvəsi ilə buna çalışır. İsraili narahat edən məqam sadəcə, İranın nüvə silahı əldə etməsinə can atması yox, həm də İsrailin bir dövlət kimi məhv olmasını arzulamasıdır. Tehrandan gələn təhlükənin miqyasını azaltmaq üçün İsrail Tehranın nüvə proqramını dayandırmağa çalışır, mütəmadi olaraq xüsusi əməliyyatları gerçəkləşdirir.
Məsələn, 2020-ci ildə Tehranda iranlı nüvə fiziki qətlə yetirilmişdi və bu sui-qəsddə İran dərhal İsraili suçlamışdı.
Bununla belə, İsrail Azərbaycanın tərəfdaşı və Bakı ilə geniş əlaqələrə malik dövlətdir. Son illərdə İsrail ölkəmizə ən müasir hərbi texnika və silah da satıb. 44 günlük Vətən Müharibəsi başa çatandan sonra İsrail şirkətləri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirak etmək niyyətlərini bəyan ediblər.
Hələlik söhbət İranla həmsərhəd olan Zəngilan rayonundan gedir.
İran bunu "İsrailin xüsusi xidmət strukturlarının ölkə sərhədinin yaxınlığında məskunlaşmaq planları" kimi qəbul edir.
İranı Azərbaycana qarşı aqressiv davranmağa vadar edən tək səbəb Bakı ilə Təl-Əviv arasındakı münasibətlər deyil.
Başqa səbəblər də var.
Vətən Müharibəsindən sonra İranın yük maşınları əvvəllər olduğu kimi Ermənistandan Azərbaycana, Xankəndi şəhərinə asanlıqla yollana bilmirlər. Səbəb Gorus-Qafan yolunda Azərbaycanın nəzarət-burazılış məntəqəsi qoyması, bu yolla Xankəndinə qanunsuz yükdaşımaların qarşısını almasıdır.
İran üçün Ermənistan vasitəsilə yükdaşımalar strateji önəm daşıyan mal və məhsulları, məsələn, raketləri hədəfə tuşlamaq üçün elektronik sistemləri əldə etməyin yeganə yolu idi. Ermənistan şirkətləri belə sistemləri Qərb ölkələrindən satın alır, İrəvana daşıyır, sonra oradan Xankəndinə aparırdılar. Xankəndində yük İranın yük mahınlarına vurulur və Ermənistan vasitəsilə cənub qonşumuzun ərazisinə keçirilirdi.
Gorus-Qafan yolunda Azərbaycanın nəzarəti gücləndirməsi isə təbii ki, İranı belə imkandan məhrum edir.
Digər səbəb azərbaycanlı sərhədçilərin iranlı narkotacirlərə qarşı əsl savaşa başlamalarıdır. Azərbaycan ərazilərinin 20 faizi erməni işğalında olanda həmin narkotacirlər asanlıqla sərhədi keçirdilər.
Mübarizənin güclənməsi səbəbindən iranlı narkotacirlər də aqressivləşiblər və sərhədçilərimizlə üzləşəndə dərhal atəş açırlar.
Üçüncü amil geosiyasi məqamlardır. İranın özünə bölgədə geosiyasi rəqib qismində gördüyü Türkiyə və Pakistan hərbçiləri ilə Azərbaycan birgə təlimlər keçirir.
İran Türkiyə ilə Suriyada, Pakistanla isə Əfqanıstanda qarşıdurmadadır.
Rəsmi Tehranı aqressivləşdirən dördüncü amil Azərbaycanın qərb bölgələrini Naxçıvani Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsidir.
Dəhlizin işə salınması ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub. Rəsmi Tehran hesab edir ki, Zəngəzur dəhlizi istifadəyə verilərsə, Ermənistanla birbaşa təmasdan kənar qalacaq və beləcə, Türkiyə ilə Azərbaycanın bölgədə təsir imkanları artacaq.
Tehrandakı rəsmilərin bəziləri əsl absurda vararaq bildirirlər ki, "Türkiyə ilə Azərbaycan Zəngəzura qoşun yeridəcəklər".
İranın İsrailə olan düşmən mövqeyi, dözülməzliyi bəlli məsələdir və feni deyil. Lakin İsrailin Azərbaycana hərbi texnika satması və Bakı ilə Təl-Əviv arasındakı iqtisadi əlaqələr heç bir halda ölkəmizin İrana qarşı hansısa planlar qurması anlamını vermir, verə də bilməz.
Azərbaycanla İsrail arasında dostluq və tərəfdaşlıq nə qədər güclü olsa da, əlaqələr nə qədər intensivləşsə də, rəsmi Bakı bu vəsilələrə görə İranla münasibətləri pozan və öz ərazisindən İrana hücum üçün İsrailə imkan verən deyil.
İranla Azərbaycan qonşu ölkələrdir. İranda 30 milyon azərbaycanlı yaşayır və iki ölkə "Şimal-Cənub" layihəsini reallaşdırır.
Tehranla münasibətləri korlamaq üçün Bakının heç bir səbəbi və niyyəti yoxdur.
Narkoticarət və Xankəndinə qanunsuz şəkildə yüklərin daşınmasının qarşısının alınmasına gəldikdə, Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında davranır.
Azərbaycanın Türkiyə və Pakistanla sıx əlaqələri də İranı narahat etməməlidir.
Çünki İranın özü İraqda, Suriyada, Livanda, Yəməndə, Liviyada proseslərin ən aktiv iştirakçılarından biridir. Üstəlik, Tehran Suriya və Livandakı terrorçu, ekstremist və radikal qruplaşmaları vasitəsilə İsraili hədəfə alıb.
İran dayanmalı, Azərbaycana qarşı aqressiv ritorikasından əl çəkməlidir. Əks təqdirdə Qərb situasiyadan yararlanacaq, Tehrana qarşı sanksiyalarını daha da sərtləşdirəcək.
Rusiya da İranın belə düşünülməmiş, isterik davranışından usanmağa başlayıb, çünki Moskva heç bir halda Tehranın Cənubi Qafqazda təsir imkanlarının güclənməsinə imkan verən deyil.
Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin hərbçiləri təmin edəcəklər. Zatən rusiyalı sərhədçilər 30 ildir ki, Ermənistanın İranla sərhədində, Zəngəzurdadır.
Sürəkli olaraq Ermənistana dəstək verən, İrəvanı bölgədə geosiyasi maraqlarının təminatında vasitə kimi istifadə edən rəsmi Tehranın bu isteriyası tamamən əsassız və mənasız təsir bağışlayır.
Son günlərdə Tehran maskalarını bir kənara ataraq əsl simasını göstərdi, Ermənistanı "dost və qardaş ölkə" elan etdi, "Ermənistanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı bizim üçün çox önəmlidir" dedi.
Ermənistanın baş naziri Nikol Paşinyanın "İranla əlaqələr və münasibətlər bizim üçün əlahiddə əhəmiyyət kəsb edir, çünki əvvəllər olduğu kimi, indi də İran bizim üçün iqtisadi və geosiyasi nəfəslikdir" bəyanatı təsadüfi deyil.
İran 20 il əvvəl də eynən bu cür davranmışdı. 1992-ci ildə Şuşanın erməni işğalında məruz qalmasında rəsmi Tehranın oynadığı rol hələ də tam araşdırılmayıb, halbuki məhz İranın manipulyasiyaları Şuşanın düşmən əlinə keçməsinin səbəbləri arasında idi.
Necə ki, erməni işğalında olan ərazilərimizdə kütləvi şəkildə tar-mar olunan, yağmalanan, viran qoyulan evlərin daşlarından tutmuş, damlarının dəmirlərinə və darvazalarınadək İrana daşınırdı. Daşıyanlar da iranlı sürücülərdi.
Ərazilərimizin 20 faizi erməni işğalında olanda İranla Ermənistan arasında çox sıx əlaqələr bir an da səngiməyib. İki ölkə rəhbərlərinin və rəsmilərinin qarşılıqlı səfərləri, siyasi-iqtisadi əlaqələrin sürəkli intensivləşməsi, Tehranla İrəvanın bir-birlərinin ünvanlarına fasiləsiz təriflər yağdırması - bütün bunlar faktlardır.
Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Tehrana səfəri, orada "Ermənistana tam dəstək" vədinin alması da İrəvanla Tehran arasındakı münasibətlərin son onillərdə əsla səngimədiyini, tam əksinə, daim inkişaf etdiyini göstərir.
Belə olan təqdirdə Ərdəbilin imam-cüməsi ayətulla Seyid Amuli kimi siyasət cahilinin ortaya düşməsi, sonra iranlı generalların ortaya düşmələri, İran parlamentinin deputatlarının "Azərbaycanda 1000 İsrail agenti və 1500 İŞİD terrorçusu olması" barədə degenarat, sərsəm bəyanatları, habelə İranın sərhədlərimizin yaxınlığında "Heybər fatehləri" təlimləri təki şou göstərməsi tragikomediyadır.
İranın təlimləri ümumiyyətlə, sanki operettadır: bu təlimlərdə elə bir gün olmadı ki, iranlı hərbçilər özlərini hədəfə alıb vurmasınlar, helikopterlər yük maşınlarını partlatmasın və s.
İrandakı teokratiya indi təlimlər keçirir. Halbuki məntiqi sual yaranır: fasiləsiz olaraq "müsəlman qardaşlığı, İslam təəssübkeşliyi"ndən dəm vuran mollakratiya nədən və nə üçün son 30 ildə sərhədlərimizin yaxınlığında təlim keçirmədi, işğalçı Ermənistana sərt mesajlar və bəyanatlar ünvanlamadı?
Məscidlərdə donuz saxlayan erməni işğalçılar İrana o qədər doğma və əziz idilər ki, 44 günlük Vətən Müharibəsi günlərində belə, İrandan Ermənistana fasiləsiz olaraq hərbi təyinatlı yüklər, yanacaq, silah və sursat daşınırdı.
İrandakı mollakratiya ümumiyyətlə, müsəlman təəssübkeşliyindən, qonşuluq münasibətlərindən danışmamalıdır.
Çünki Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və hətta kiçik, yoxsul Cibuti belə, Ermənistanla diplomatik əlaqələr qurmayıb, amma İrandakı ayətullalar, siyasətçilər, hərbçilər Ermənistan rəsmiləri ilə az qala damaq damağa öpüşür, qucaqlaşırlar.
İslam dünyasında, müsəlman aləmində aşkar, ifrat və qatı ermənipərəst siyasət yürüdən yeganə ölkə İran İslam Respublikasıdır.
Son olaraq rəsmi Tehrandakı klerikal rejimin nəzər-diqqətinə bir daha çatdırırıq: Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib və verməyəcək.
Bununla bahəm, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib və buna cəhd göstərənlər də layiqli cavablarını alıblar.
İran rəsmiləri və hərbçiləri, habelə xəyallar aləminə qapılmış mollakratiya absurd bəyanatlara son qoyaraq reallıqları görsə, pis olmazdı.