Salam, biz uşağıq - xalqın, millətin gələcəyi, sabahın qarantı, vergi ödəyicisi, vətən keşikçisi, ölkənin ən öndə gələn vəzifələrini icra edən kimsələrik. Bu gün baş verənləri nəzərə alıb haqlı olaraq Tarif Şurasına gələcəkdən 2051-cı ildən məktub yollayırıq.
Bağışlayın ki, artıq səbr edə bilmədik. Sizlərin “sosial rifahın yaxşılaşdırılması” adıyla keçmişdə etdiyiniz yersiz qiymət artımları bizlərin məhv olmasına gətirib çıxarıb. Digər ölkələr üzərimizdə hegemonluq edir, satmağa neftimiz, qazımız tükənir. Kənd təsərrüfatını dirçəltməyə vaxtımız çatar, ancaq, insan sayımız buna əlverişli deyil. Xarici vətəndaşlar ölkəmizə işləmək üçün gəlmir. Ziyalılarımız öz dilimizi unudub, ölkədə qalanların səhətlərisə qənaət bəxş deyil. Artıq olduqca azıq. Millət olaraq duruş gətirə bilmirik. Qocaları ölümə tərk etməyə məcburuq. Vətənimiz əldən gedir. Keçmişdə lağ etdiyiniz ölkələrin uşaqları üzərimizə hücuma hazırlaşır. Onlar çox güclü inkişaf etmiş, ağıllı, intellektual və qorxusuzdurlar...
İlahi, ola bilməz. Şəhərimizi qaranlıq bürüyür. İşıq limitlərimiz bitir. Bağışlayın, bəlkə bir daha sizə yaza bilməyəcəyəm. Bizə kömək edin. Sizə yalvarırıq, bütün bunlara son verin - valideyinlərimizi keçmişdə sıxmayın, onları çarəsiz vəziyyətdə qoymayın. Yatırımı körpələrə edin, onları qoruyun, uşaqların pulunu kəsməyin. Bizləri keçmişdə etdiyiniz səhvlərlə, gələcəkdə öldürməyin.
İmza: Gələcək NƏSİL