“Hazırda biz cəbhədə Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən Azərbaycana qarşı təxribatların və həmin təxribatların dəstəklənməsinin şahidiyik. Hər bir halda müharibə ehtimalı olduqca yüksəkdir”.
Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib. Politoloq bildirib ki, cəbhədə vəziyyət hər an, hər saat dəyişə bilər.
“Son zamanlar baş verənlər onu göstərir ki, yaxın vaxtlarda – yəni bir həftə və ya 6 ay sonra, istənilən vaxt cəbhədə vəziyyət “alovlana” bilər. Müharibə başlaya bilər. Daxili olaraq hazırlıqlı olmalıyıq. Müharibə yalnız cəbhədə baş vermir. İnformasiya müharibəsi də olduqca vacibdir”, – deyə Z. Məmmədov qeyd edib.
Heç kimə sirr deyil ki, ermənilərin ərazi iddiaları artıq Qafqazın sərhədlərini də aşıb. Bir neçə il əvvəl Rusiyanın Yakutiya Respublikasının “qədim erməni diyarı” olduğunu iddia edən və bununla bağlı həqiqətə uyğun olmayan informasiyalar yayan ermənilər indi də Rusiyanın populyar kurort şəhəri olan Soçiyə qarşı iddia irəli sürüblər. Təbii ki, rusiyalı tədqiqatçıların araşdırmaları həmin ərazidə erməni izinin olmadığını sübut edir.
Hazırda Ermənistan elitasının mətbuat vasitəsi ilə verdiyi mesajlar Azərbaycana qarşı torpaq iddiasıdır. Politoloq münaqişənin sülh yolu ilə həllinin artıq müharibə ilə əvəzləndiyini qeyd edir.
“Son zamanlar açıq-aşkar formada, ərazilərin qaytarılmayacağı öz əksini tapır. Əksinə, yeni ərazilərə iddia etmələri ilə bağlı çox aydın mesajlar, ismarıclar var. Bu bir daha onu göstərir ki, müharibə qaçılmazdır. Münaqişə hərb yolu ilə həll edilməlidir”.