Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Uçqun nəticəsində qarın altında qalan şəxslərin xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.
“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, – nazir deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.
***
14:58
Türkiyənin şərqindəki Van vilayətində baş verən qar uçqunu nəticəsində 50-dən çox adam uçqun altında qalıb.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbəri Mehmet Emin Bilmez məlumat verib.
Onun sözlərinə görə, 300-dən artıq xilasedicinin qatıldığı işlər hazırda davam edir. Hazırda 25 nəfər qar altından çıxarılıb.
***
Köməksiz vəziyyətdə qalan 2 nəfəri axtaran axtarış-xilasetmə qrupu qar uçqununun altında qalıb.
Hokm.az Publika.az-a istinadla xəbər verir ki, olay Türkiyənin Van şəhəri, Baxçasaray rayonunda baş verib.
Uçqunun altında qalanların sayı hələ ki, məlum deyil.
Onların Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) və Milli Tibbi Xilasetmə Briqadasının (UMKE) üzvləri olduğu bildirilir.
Qeyd edək ki, ötən gün Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində avtobus qar uçqununun altında qalmışdı. Xilasetmə əməliyyatında 7 nəfər sağ çıxarılmış, 5 nəfərin cansız bədəni tapılmışdı.