Ana Sayfa > Əfsanələr və miflər > Mir Cəfərin qara maşını - Rüstəm KAMAL

Mir Cəfərin qara maşını - Rüstəm KAMAL


16-09-2018, 14:32. Yazar: ailehekimiklinikasi
Mir Cəfərin qara maşını - Rüstəm KAMAL

Mir Cəfərin qara maşını - Rüstəm KAMAL


1930-cı illərdə Sovet cəza orqanlarının əsas nəqliyyat vasitəsi "emka"lar (QAZ M-1) idi, ona rusca "qara quzğunlar", "Marusya" da deyirdilər.

"Emka"lar haqqında mətnlərin Stalin dönəminin informasiya məkanında geniş dolaşması qətiyyən mümkün deyildi. Təsadüfi deyil ki, M.C.Bağırov, L.Beriya ilə bağlı əhvalatları yalnız onların ölümündən sonra danışmaq imkanı yarandı. 2005-ci ildə folklorşünas Sədnik Paşa Pirsultanlı bu rəvayətlərin bəzilərini toplayıb çap etdirmişdi. Bu şifahi mətnlərdə, folklor söyləmələrində (rəvayətlər, şayiələr) həmin cəlladların obrazı sözügedən qara maşınlarla birlikdə təqdim olunur, "M-1" isə hakimiyyətin simvolu kimi çıxış edir.

Bu rəvayətlərdə Mir Cəfər Bağırovun qara maşını hər yerdə və həmişə Xıdır İlyasın göy atı kimi peyda olur. O, dara düşənləri xilas edir. Rəvayətlərin birində deyilir ki, müharibə vaxtı Səfərəliyev (indiki Samux) rayonunun Nəbiağalı kəndində bir qarının evi yanır. Hara şikayət edirsə, bir xeyri olmur. "Bir gün arxda paltar suya çəkəndə baxıb görür ki, bir maşın gəlir. "Paltarı arxın qırağında qoyub maşına tərəf yüyürdü. Maşın dayandı və nurani bir kişi ondan soruşdu:

- Bacı, bu nə təlaşdı keçirirsən?

- Qardaş, qurbanın olum, mən belə düşündüm ki, maşında gələn böyük adamlardan biri olar, ondan imdad almaq üçün qaçıb gəldim…"

M.C.Bağırovun maşınının hərəkətinə maneçilik ölümə bərabər idi. Qara maşının xofu əslində tiran qorxusu ilə eyniləşirdi. Uzun müddət Dərnəgül taxıl məhsulları kombinatının direktoru işləmiş Nadir Quliyevin "Çörəyi itirməzlər" kitabında M.C.Bağırovla bağlı bir xatirəsi maraq doğurur. "Zuğulba stansiyasına çatanda neft buruğunun necə fontan vurduğunu gördüm və sürəti daha da artırdım.

Bir gözüm buruqda qalmışdı, buna görə də dövlət bağına çatdığımı hiss eləməmişdim. Qəflətən darvazadan maşın çıxdığını görəndə Allah üzümə baxdı ki, çaşmadan sükanı sağa döndərib əyləci basdım. Mənim maşınım divara dəyib azacıq əzilsə də dayandı. Qabaqdakı maşından iki nəfər dərhal yerə atılıb sürətlə mənə yaxınlaşdı. Bağrım yarıldı. Başa düşdüm ki, Mir Cəfər Bağırovun maşınıdır. Məni bir göz qırpımında yerə endirdilər. Yəqin elə güman eləmişdilər ki, sui-qəsd hazırlanıb, mən də onun iştirakçısıyam.

Nələr keçirdiyimi təsəvvür etmək çətin deyil. "Damarlarımda qanım dondu" sözlərinin mənasını məhz həmin an tamam-kamal anladım. Addım ata bilmirdim. Yerimdə mıxlanıb qalmışdım.

Bu zaman minik maşınının qapısı açıldı. Mir Cəfər Bağırov düşdü. Şəklini hər yerdə görmüşdüm, dərhal tanıdım…"

S.P.Pirsultanlının yazıya aldığı bu mətnlərdə mifoloji düşüncə "adil hökmdar" arxetipini bərpa etmək istəyir.

"Bağırov Göygölə getməli olur. Onu Gəncə şəhər rəhbərləri müşayiət edirlər. Göygölə çatar-çatmaz maşının təkəri çuxura düşür. M.C.Bağırov gölməçənin o tayına keçəndən sonra maşından düşüb deyir:

- Gəncə şəhər partiya komitəsinin birinci katibindən soruşun, gələn il də Göygölə bu yolla gedəcəyəm?

- Yox, yoldaş Bağırov, Göygölə təzə yol çəkəcəyəm" (S.P.Pirsultanlı. "Mir Cəfər Bağırov yaddaşlarda").

Böyük Terrorun qara maşınları əhalidə güclü xof-qorxu hissi yaratmışdı. Bu qorxu uşaqlara da keçmişdi. Deyilənlərə görə, uşaqlar dustaqları aparan qara "Marusya"nı görən kimi, tində-bucaqda gizlənirdilər, qaçıb arxa həyətlərdə gözdən itirdilər. Analar ipə-sapa yatmayan, dəcəllik edən uşaqları da bu maşınla qorxudurdular. Şəhərdə sayiələr dolaşırdı ki, həmin qara maşında uşaqları oğurlayırlar.

Bu maşına düşmək artıq azadlıq və həbs arasında sərhədin keçilməsi idi. Böyük Terror qurbanlarının biri xatırlayır: "1946-cı ilin günəşli may günündə məni küçədə tutub saxladılar, qara "EMKA"nın qapıları ilə həyatım uzun, ağır müddətə qapandı".

Ceyran xanımı Mollayevin (M.Hüseyn nəsrində M.C.Bağırovun prototipi) dəniz qırağındakı bağına dəvət edirlər. Aktrisa südəmər uşağı olduğunu, səsinin yerində olmadığını bəhanə gətirib qonaqlıqdan imtina edir. Telefondakı qorxunc səs onun sözünü kəsir: "Sabah axşam saat yeddidə maşınla gəlib səni özüm aparacağam" (M.Hüseyn. "Yeraltı çaylar dənizə axır").

Qara maşın neçə-neçə evlərə, ailələrə ayrılıq acısı, ölüm havası gətirdi.

37-ci ilin qara gecələrində bu qara maşınlarda günahsız insanları tutub apardılar. Elə yerə apardılar ki, "oradan" bir daha qayıdış yox. Müşfiqi apardılar. Cavidin, Cavadın dalınca gəldilər. R.Rzanın "Qızılgül olmayaydı" poemasında həmin kabus maşının adı keçir:

Neçə mərd oğulların adı silindi

dirilər sadalağından,

yetmiş günah asdılar hər ayağından

gedənlərdən neçəsi axşam evində

yatıb, gecə getdi.

Gedənlər bilir gedən

gedən də necə getdi.

Cavanlar vardı ki,

Qaynar suya düşmüş çiçək kimi

soldular.

Qocalardan nə deyim

Əydilər, əyim-əyim.

Kimisi, getdi

bir də geri dönmədi

qara maşina minib.

Kimisi, xoşbəxt oldu

əqlini itirib.

Repressiyalar yaşamış insanların bu qara maşınla bağlı söhbətləri travmatik nevroz xəstəsinin yuxusunu (Z.Freyd) xatırladır. Xalid Səid Xocayevin qızı Bəhicə xanımın xatirəsini həyəcansız oxumaq olmur:

"Atamı 1937-ci ilin 3 iyununda gecə həbs etdilər...

Mən yatmışdım. Gecə saat 12 radələri (hələ bir az da gec) olardı. Qəribə səslər eşidib yuxudan oyandım. Gördüm ki, ev adamla doludur... Demək olar ki, səhərə qədər axtarış apardılar. Yazı stolunda çoxlu yazılar vardı. Onları da götürdülər. Kitab dolabındakı kitabların da hamısını apardılar... Atamı aparanda anama onun ardıyca çıxmağa icazə vermədilər. Amma mən fürsət tapıb küçəyə çıxdım. Dəqiq xatırlayıram, yağış yağırdı. Özü də necə yağış... Mən ağlayırdım. Atam məni qucaqlayıb öpdü. Məni çox istəyirdi. Mən də onu çox istəyirdim. Şübhəsiz, anamı da çox istəyirdim. Amma könlümdə atamın yeri başqaydı. Onu qara maşına mindirib apardılar. Küçə boyu çoxlu qara maşınlar dayanmışdı. Bizimlə üzbəüz qonşu evdən də çoxlu adam tutmuşdular. Hərbi işlər komissarı Qambay Vəzirov da o evdə olurdu. Kənd təsərrüfatı komissarı da həmin evdə yaşayırdı. İkisini də həbs etdilər. O bir dənə evdən həmin gecə dörd-beş adam apardılar. Bizim binadan da tutulanlar, güllələnənlər çox oldu. Orxanbəyli vardı. Həkim. İstanbul Darülfünununda təhsil alıb gəlmişdi. Əlində əsa gəzərdi. Çox gözəl geyinərdi. İstanbul ləhcəsində danışardı. Onu da güllələdilər. Xanımı vardı. Fərihə. Əslində, bizim yaşadığımız bina Orxanbəylinin babasına məxsusdu..." (A.Turan. "Xalid Səid Xocayev - şəhid türkşünas").

Bu qara maşınlar repressiya tariximizin bir faktı, Stalin terrorunun əyani sübutu deyil, milli faciə-travma yaddaşımızın şəhadət simvoludur…

Geri dön