Xəbərlər



A vitamininin çatışmazlığına işarə edən ƏLAMƏTLƏR
A vitamininin çatışmazlığına işarə edən ƏLAMƏTLƏR


Vitaminlər orqanizmdə müxtəlif vacib proseslərdə iştirak edir və onların çatışmazlığı bir çox pozulmalara səbəb olur.

Belə ki, ən güclü antioksidant olan A vitamini boyatma proseslərində, immun və cinsiyyət sistemlərinin fəaliyyətində, görmədə, dəri, saç və dırnaqların vəziyyətində böyük rol oynayır.

Saglamolun.az bildirir ki, A vitamininin çatışmazlığı zamanı ilk növbədə el arasında “toyuq korluğu” kimi tanınan pozulma inkişaf edir. Əgər işıqlı otaqdan qaranlıq otağa keçəndən 7-8 saniyədən sonra gözləriniz adaptasiya olunmursa və siz heç nə görmüsünüzsə, bu toyuq korluğuna işarə edə bilər. Əgər bu hal müalicə olunmazsa, gözdə çox ciddi pozulmalar inkişaf etməyə başlayır – buynuz qişası qalınlaşır, quruyur, bulanıq olur, onun üzərində hətta eroziyalar əmələ gələ bilər.

A vitamininin çatışmazlığı zamanı dəri quruyur, çatlayır, dəridə vaxtından əvvəl qırışlar əmələ gəlir.

A vitamini immun sisteminin normal fəaliyyətində çox vacib rol oynayır. Məsələ burasındadır ki, A vitamini selikli qişalarımızı nəm saxlayır. Selikli qışalar (ağız boşluğunda, burunda, gözlərdə, həzm, sidik ifrazı sistemində və s.) orqanizmin ilk “müdafiə səddi”dir. Virus və ya mikroblar selikli qişaların üzərinə düşəndə bir tərəfdən selikli qişalarda olan xüsusi immun hüceyrələrinin köməyi ilə zərərsizləşdirilir, digər tərəfdən yad cismlər mexaniki olaraq seliyə yapışır və daha sonra orqanizmdən xaric olunur. Lakin bütün bunlar üçün selikli qişalar nəm, sözün əsl mənasında selikli olmalıdır. A vitamininin çatışmazlığı zamanı selikli qişalar quruyur və öz vacib müdafiə funksiyalarını tam yerinə yetirə bilmir. Nəticədə insan tez-tez müxtəlif infeksion xəstəliklərə tutulur.

A vitamini çatışmayanda dırnaqlar nazik və kövrək olur, tez-tez qırılır, saçlar tökülür.

Müayinə və xüsusi analizlərdən sonra insanda bu vitaminin defisiti aşkar olunarsa, həkim ona A vitamini ilə zəngin olan pəhriz təyin edir. Bu kök, balqabaq, ispanaq, qırmızı bolqar bibəri, pomidor, kahı, istənilən sarı və narıncı meyvələr və həmçinin toyuq, qoyun, mal və balıq qaraciyəri, yumurta sarısı kimi məhsullardır.

Nəzərə almaq lazımdır ki, E vitamini A vitamininin mənimsənilməsini xeyli artırır. Bu səbəbdən tərəvəz salatlarına bitki yağını əlavə etmək lazımdır. Bildiyimiz kimi, bitki yağları qidalanmamızda E vitaminin əsas mənbələridir.

Lazım olduğu halda həkim əlavə A vitamini preparatını təyin edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu vitaminin orqanizmdə artıqlığı defisit qədər və bəlkə də ondan da təhlükəlidir – xərçəngin riskini artırır. Bu səbəbdən A vitaminini yalnız həkimin təyini ilə qəbul etmək olar.

A vitamininin defisitinin səbəbləri arasında bunlardır: düzgün olmayan qidalanma, aclıq, monopəhrizlər, güclü uzunmüddətli streslər və güclü fiziki yüklənmələr, bəzi xəstəliklər (xroniki ishal, malabsorbsiya sindromu, qaraciyər sirrozu, şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri və s.).
Baxış sayı: 104