Xəbərlər



Ovsunun sirli gücü
Ovsunun sirli gücü


Ovsun üçün sözün magik gücü təsiredici vasitə sayıldığı halda, falın icrasında bu cəhətə o qədər də əhəmiyyət verilmir. Azərbaycan folklorşünaslığında ovsunların ibtidai insanın mahiyyətini dərk etmədiyi, qarşısında aciz qaldığı hadisələrə təsir göstərmək, onları dəyişdirmək nəhayət, onlara qalib gəlmək istəyindən yarandığı qeyd olunur.
Nağıl, lətifə, bayatı, tapmaca və digər janrlarla müqayisədə ovsunlar o qədər də geniş yayılmayıb, yalnız müəyyən situasiya ilə əlaqədar onlardan istifadə olunur. Bu səbəbdən ovsun mətnləri az yayılıb, onlara məhdud çevrədə və qapalı repertuarda təsadüf edilir.
Qədimdə insanlar təbii uğursuzluqlara müqavimət göstərmək, ağır əməklərini yüngülləşdirmək istəyi ilə xüsusi ayinlər icra etmiş və bu ayinlər məsələnin mahiyyətinə uyğun şeirlər, nəğmə ilə müşayiət olunmuşdur. Misal üçün, göz səyriyəndə adamlar nəsə bir hadisə baş verəcəyinə inanmışlar. Sağ gözün səyriməsi xeyir, sol gözün səyriməsi isə qorxulu, təhlükəli bir hadisənin baş verəcəyini xəbər verən pis əlamət sayılmışdır. Odur ki, sol göz səyirdikdə fəlakətdən yaxa qurtarmaq üçün uğur simvolu, günəş rəmzi sayılan qırmızı rəngli sap, parça kəsiyi və s. göz qapağının üstünə qoyulmuş və səyriyən gözə sağ əllə üç kərə sığal çəkə-çəkə:
Xeyrə atırsan at!, Şərə atırsan, yat! - ovsunu söylənilmişdir.
Qədim zamanlardan məhsulun tez yetişməsi, bol olması, mal-qaranın sağlamalığı üçün ovsunlardan tez-tez istifadə olunmuşdur. Misal üçün, xalq arasında “Fatma nənənin hanası” kimi tanınan göy qurşağındakı yaşıl rəngin bolluq, bar-bərəkət, sarı rəngin isə quraqlıq, qıtlıqla bağlı olduğuna inanan əkinçi bunu təkcə müşahidə etməklə kifayətlənməmiş, quraqlığı qovmaq, qıtlıqdan yaxa qurtarmaq üçün xüsusi ayin icra etmişdir.
O, göy qurşağını görüncə torpaq üzərində iki zəmi təsviri cızır, bunlardan birini özününkü sayaraq aşağıdakı ovsunu oxumuşlar:
Fatma nənə, Fatma nənə, Sarısı sizin zəmiyə, Yaşılı bizim zəmiyə!
Azərbaycan folklorşünaslığında ovsunlar üç qrupa bölünür:
1. Təsərrüfat ovsunları.
2. Müalicəvi ovsunlar
3. Sosial-məişət ovsunları.

Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından


Ovsunun sirli gücü
Baxış sayı: 59