Dioskorid və İbn Sinadan bu günə qədər sarımsaq müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Müxtəlif xəstəliklərin müalicəsində o qədər güclü və effektiv xüsusiyyətləri var ki, ondan sümüklərin sınıqlarından başqa demək olar ki, bütün xəstəliklərdə istifadə edilir. Sarımsağın vətəni-Cənubi Asiyadır, oradan Şərqi Asiyaya, daha sonra isə digər ölkələrə yayılmışdır. Yunanıstan və Romaya qədər gedib çıxan sarımsaq, oradan da bütün Avropaya yayılıb.
Bu bitkinin müalicəvi xüsusiyyətləri haqqında ilk dəfə Dioskorid yazmışdır. Və dəri xəstəliklərində, öskürək, dispepsiyada, iştahanı artırmaqda, ümumi zəiflik və qarın ağrılarında faydalı olduğunu bildirmişdir.
Əbu Əli İbn Sina/Avisenna özünün “Tibbnamə”sində bütün xəstəliklərdə sarımsaqdan istifadə etməyi tövsiyə etmişdir.
Parasels bu bitkinin taun əleyhinə olan effektindən yazmışdır. Orta əsrlərdə Avropada sarımsaq taunun profilaktikasında işlədilirdi. Qədim yunanlar sarımsağın ilan sancmasında istifadə edirdilər, romalılar isə onun ruha gümrahlıq gətirdiyinə və döyüş bacarığını artırdığına inanırdılar, onunla böyrək və qaraciyər xəstəliklərini müalicə edirdilər.
Hipertoniya və ateroskleroz zamanı gün ərzində 2-3 ədəd xırdalanmış kiçik diş sarımsaq yemək başgicəllənməni, başağrını azaldır, yuxusuzluğu aradan qaldırır.
Elmi tibbdə də xalq təbabətində olduğu kimi sarımsaqla müalicə aparılır. Yuxarı tənəffüs yollarının xəstəliklərində- göyöskürəkdə, ağ ciyərin iltihabında, qulağın, gözün selikli qişasının, kolit, bakterial dizenteriyada, irinli yaraların və s. müalicəsində işlədilir. Soyuqdəymə və infeksion xəstəliklərə qarşı orqanizmin müdafiə qüvvəsini artırması elmi cəhətdən təsdiq edilmişdir, iştahanı artırır, həzm sisteminin və ürəyin işini yaxşılaşdırır, qan damarlarını genişləndirir, sidikqovucu, qurdqovucudur, yüngül tərlədici, antiseptik, ağrıkəsici, sinqa əleyhinə təsirləri vardır.
Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından