Xəbərlər



Dazıotunun adının gizli MƏNASI
Dazıotunun adının gizli MƏNASI


Dazıotu - kliniki farmakologiyada antidepressant təsirə malik, təhlükəsiz hesab edilən bir müalicəvi bitkidir. Herba Hyperici/Dazıotunun peroral qəbulunun təhlükəsiz və effektiv olmasını dəyərləndirmək üçün tədqiqatlar aparılmışdır (5000-dən çox pasiyentin qəbulundan sonra dəyərləndirilmişdir). Digər bir kliniki tədqiqatda isə 3250 pasiyent iştirak etmişdir və onlardan 49% -i mülayim, 46% nəzərə çarpan, 3%-i isə ağır formalı depressya vəziyyətində olmuşdur. Pasiyentlərə müalicə üçün 300 mq qurudulmuş dazıotu bitkisinin 80%-li metanol ekstraktı gündə 3 dəfə təyin edilmişdir.
Bir sıra alimlərin müşahidələrinə görə açıq çöldə, həm də dazıotunun üstünlük təşkil etdiyi sahələrdə otlayan, açıq rəngli tükü, dərisi olan heyvanların qulaqlarında, dodaqlarında, göz qapaqlarında dərisi qızarır, dərialtı toxuma ödemləşir. Proses yayılaraq gözün, burun boşluğunun selikli qişasını da zədələyir. Çox zaman heyvanların belinin dərisi zədələnir və qaşıntı ilə müşayiət olunur. Onların vəziyyəti pisləşir, mədə-bağırsaq traktı, ürək fəaliyyəti və tənəffüsü pozulur, selikli qişalarda sarılıq olur, ağır hallarda isə heyvanlar ağ ciyərin ödemindən, ürək çatışmamazlığından ölür. Bu cür problemlərin yaranmasını Dazıotu yeyən heyvanların orqanizminə ultrabənövşəyi şüaların (ən çox da uzundalğalı) təsiri və Dazıotunun tərkibindəki bioloji aktiv maddələr olur. Dazıotu bitkisi dəri örtüyünün ultrabənövşəyi şüalara həssaslığını artırır. Ən çox da ağ örtüyə malik olan və albinos heyvanlarda bu promler daha qabarıq nəzərə çarpır.
Buradan belə nəticəyə gəlmək olar ki, Dazıotu preperatları və dəmləməsi qəbul edən adamlar da fotosensibilizasiyadan qorunmaq üçün günəş altında çox gəzməməlidir və ya günəşdən qorunmaq üçün kremlərdən istifadə etməlidir.
Daz sözü bildiyimiz kimi əsasən saç, bəzən isə ot bitməyən yerlərə deyilir. Mahmud Kaşğarinin də lüğətində “daz” sözünün oğuzlara aid olduğu yazılır. Aluk=keçəl, daz (oğuzca).
Dazıotu yeyən heyvanların qulaqlarında, burun və dodaq-larında, göz qapaqlarında, bel nahiyəsində yaranan yaraların sonradan nahiyəvi olaraq tükü tökülür və nekrozlaşmış sahələr əmələ gəlir! Dazlaşır! Deməli, əcdadlarımız Dazıotu bitkisinin bu xüsusiyyətlərini çox dəqiqliklə biliblər və ona görə də oğuzlar bu bitkini məhz Dazıotu və ya Qoyunqıran adlandırmışlar.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından


Dazıotunun adının gizli MƏNASI
Baxış sayı: 55