Xəbərlər



Platon musiqinin aliliyini və onunla müalicənin vacibliyini necə ifadə etmişdi?
Platon musiqinin aliliyini və onunla müalicənin vacibliyini necə ifadə etmişdi?


İnsan anadan olduğu andan etibarən insan həyatının hər mərhələsində musiqi ilə iç-içə olmuş, əsrlər boyu musiqini həm mənəvi, həm də maddi məqsədlərdən ötrü istifadə etmişlər. Musiqi ruhun qidası hesab olunardı. Sevinc, kədər, qəhrəmanlıq, qorxu, cəsarət, ümid, ümidsizlik və başqa duyğularını musiqi vasitəsilə ifadə etmiş, onlara yeni anlam vermişlər. Günümüzdə aktual olan məsələlərdən biri də musiqi ilə müalicədir. Bu müalicə üsulu insanı ruhi və fiziki cəhətdən üzləşdiyi problemlərdən xilas etməyə, ehtiyacı olan rahatlığa çatdırma-ğa qadirdir. Musiqi ilə müalicə şəfa üsullarının ən qədim növünə aid edilir.
Antik dövrdə insanlar musiqinin İlahi məfhum olmasına inanır və onu İlahi lütf hesab edirdilər. Qədim Misir, Şumer, Çin, Yunanıstan və Hindistanda musiqinin cənnətdən gəldiyinə inanırdılar. İnsan oğlunun səsin təsirinə düşmə məqamında yaranan musiqi müalicəsi zaman-zaman bir sıra formalarda aparılmış və elm inkişaf etdikcə o da öz ali mərhələsinə qədəm qoymuşdur.
Platon musiqinin aliliyini və onunla müalicənin vacibliyini bu sözlərlə ifadə edir: “Bilin ki, filosoflar musiqini oyun və əyləncə üçün deyil, insana fayda vermək, mənəvi zövq bəxş etmək, psixoloji durumunu rahatlamaq, quru temperamentini nəmləndirmək, fizioloji müvaziməti bərpa etmək, qan dövranını tənzimləməkdən ötrü istifadə edirlər. Bu deyilənləri inkar edənlər isə musiqini sadəcə olaraq meyxanələrdə, yol kənarlarında dinləyərək əsil sədanın ortaya qoyduğu elmi mahiyyəti, səbəb və nəticəni dərk etməyib ona oyun və əyləncə kimi baxanlardı”.
Digər bir maraqlı fakt isə qədimdən bəri musiqidən müalicə üsulu kimi istifadə edilməsidir. Məsələn, “İbn Sina da Kindi kimi musiqini təcrübədə bir psixologiya olaraq istifadə etmişdir. Onun “İnter omnia exerciatia sanitatis cantane melius est” (Nəğmə oxumaq sağlığı qoruyan ən yaxşı məşqdir) sözü əsrlərdir zehinlərdədir”. Yaxud artıq məlum və geniş isti-fadə olunan bir təcrübə autist uşaqların pentatonik musiqi ilə müalicəsidir. Daim öz daxili aləmində olan, lakin onu ifadə etməyi bacarmayan, zahiri səs və hadisələrə reaksiya verməyən, bununla yanaşı, əksər hallarda xüsusi istedada malik autist uşaqlar məhz pentatonik musiqini eşidir, sakitləşir, ünsiyyətə meyllənirlər.

Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından


Platon musiqinin aliliyini və onunla müalicənin vacibliyini necə ifadə etmişdi?
Baxış sayı: 37