Məhəbbət dastanlarındakı Xızır/Xıdır Nəbi obrazı sehrli qüvvə kimi təqdim olunur. O aşiqi çıxılmaz vəziyyətdən qurtarır. “Aşıq Qərib” dastanının Krım və türkmən variantlarını müqayisəli təhlil etsək, görərik ki, hər iki variantda Qəribi vətənə yetirən Xıdırdır. Xıdırın atının ayağının altından götürülən palçıq; (Krım-tatar variantında dal ayağının altından) Qəribin anasının, türkmən variantında həm də bacısının kor olmuş gözlərini açır. Xıdırın Qəribə eşq badəsi içirtməsi və xüsusilə, buta yuxusu motivi dastanın yalnız Azərbaycan variantında vardır. Bütün bunlar sübut edir ki, eyni obraz - Xıdır Nəbi obrazı - Azərbaycan məhəbbət dastanlarında özünəməxsus formada işlənmişdir. Bu sırada Xızırla bağlı mərasim nəğmələrini də diqqətdən kənarda saxlamaq olmaz. Xızır, yaxud Xızır İlyas mərasimləri demək olar ki, bir çox türk xalqları içərisində bu gün də qeyd olunmaqdadır. Bu bayram Xıdırelləz bayramı adı altında Anadolu və Balkan türkləri arasında da tanınır.
Aşıq etmənin həm də su ilə bağlılığı əvvəlki bölmələrdə də əks olunmuşdur. Bir çox dastanlarda su oxumaq, şeir qoşmaq istedadı da verir. “Koroğlu” dastanının Azərbaycan variantında Qoşabulağın suyu Koroğluya gur səs, güc verir, onu aşıq edir. “Koroğlu” dastanında Alı kişi Çənlibeldə yurd salandan sonra oğluna deyir ki, oğul, buradakı dağların birində bir qoşa bulaq var. Adına “Qoşabulaq” deyirlər. Get, onu tap. Kim yeddi ildən bir ulduzların toqquşmasından sonra bu bulağın suyundan içsə aşıq olar. Bu, kor gözləri də sağaldar. Rövşən - hələ ona Koroğlu adı verilməmişdi – atası dediyi kimi də edir. Əsərdə həmin səhnə belə təsvir olunur: “Gördü, dağın bir tərəfində uca, sıldırım, əlçatmaz, ünyetməz bir qaya var. Qaya elə bir qayadır ki, igid istəyir üstünə çıxsın. Rövşən min bir ənvai-müsibətlə qayaya dırmaşdı... Ortalıqda qoca bir ağac altında da Qoşabulaq durna gözü kimi qaynayır. Göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir”. Bundan əlavə, “Şamanın azarlaması” adəti hekayətində də su şeir qoşmaq, oxumaq istedadı verir. Bizdə şamanı–qamı suya, torpağa inam yaratmışdır. Belə bir inamdan şamanın yaranması versiyası xalq yaradıcılığında özünü daha qabarıq şəkildə göstərir. “Abbas və Gülgəz” dastanında da əsərin qəhrəmanı ağacın altında yatır. Üç gecə ayılmır. Ayılandan sonra deyir ki, ona buta veriblər. Saz istəyir, aşıq olur.
Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından