Xəbərlər



Qoxular haqqında inanılmaz faktlar - Professor AÇIQLADI
Qoxular haqqında inanılmaz faktlar - Professor AÇIQLADI

Türkiyəli professorun sözlərinə görə, ətir seçimi zamanı qəhvə qoxulamaq səhvdir.

Ailehekimiklinikasi.az "Milliyet"ə istinadən xəbər verir ki, dünən Türkiyədə “Qoxu və dad zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə iştirak edən qoxu üzrə mütəxəssislər maraqlı açıqlamalar verib.

Professor və ginekoloq İlkkan Dünder çıxışında bildirib ki, qadın qoxusu tarixi dəyişdirib. O bildirib ki, dünyaya gələn körpənin aldığı ilk qoxu qadın və süd qoxusudur. Professor qadın qoxusunun çox önəmli olduğunu, kişilərin həyatlarını və bilavasitə tarixi dəyişdirdiyini deyib:

"Ana döşündəki südün qoxusu refleks olaraq körpəni əmməyə doğru istiqamətləndirir. Bu da onu deməyə əsas verir ki, böyümə və inkişafın başlanğıcı insanın qoxu duyğusu ilə başlayır. Odur ki, anadan duyulan ətir çox əhəmiyyətlidir. Qadınlarda iybilmə qabiliyyəti kişilərdən daha yaxşı inkişaf edib”.

Professor Aytuğ Altundağın sözlərinə görə, nəfəsimizdə 3 min 481 nəfəs qazı var. O, qeyd edib ki, bunlardan üçü ağız qoxusuna yol açan qazlardır:

“Günümüzdə artıq yeni cihazlar sayəsində bu üç qazın yaranma səbəbi yalnız 4 dəqiqədə müəyyən edilərək müalicə olunur. Böyrək və qaraciyərdən tutmuş, allergiya və mədə problemlərinə qədər bir çox xəstəlik ağız qoxusuna yol açır. Xəstə əvvəllər ağız qoxusunun səbəbini tapmaq üçün bir çox müayinələrdən keçməli olurdu. İndi isə bu problem cəmi 4 dəqiqə ərzində həll edilə bilir. Ağız qoxusunun səbəbini 4 dəqiqədə müəyyən edən "smart chroma" üsulu ilə həm müalicəyə başlanır, həm də ağız qoxusunun altında gizlənən ciddi xəstəliklər ortaya çıxarılır. Bu da xəstəliklərin müalicəsini sürətləndirir".

Mətbuat konfransında çıxış edən Qoxu Mədəniyyəti Dərnəyinin qurucusu Bihter Türkan Ergül ətir seçiminin incəliklərindən bəhs edib:

"Ətir seçərkən qəhvə iyləmək yanlışdır. Təxminən 3 kəskin qoxudan sonra iybilmə hissiyatı yorulur, qəhvənin kəskin ətri iybilmə refleskini şoka salır və bizi sonradan sevmədiyimiz ətri almağa sövq edir. Parfumu kağıza sıxaraq qoxlamaq da sağlam üsul deyil, kağızdan iyləyən ətiri burnumuz bəyənə bilər, amma bədən təsdiqləmədiyi üçün dəri onu çox tez arındırır. Eyni ətrin bir adamda 10 saat, digərində 2 saat sonra uçub getməsinin əsas səbəbi də budur. Bu baxımdan parfumu mütləq dəridə test etmək lazımdır. Bir gündə ikidən artıq qoxu sınamaq da yanlışdır. Digər tərəfdən, parfumun notları dəridə 1-2 saat sonra açılmağa başlayır”.
Baxış sayı: 67