Xəbərlər



Azərbaycana gətirilən 4 vaksindən HANSINI seçək?
Azərbaycana gətirilən 4 vaksindən HANSINI seçək?


Azərbaycanda artıq 1 milyona yaxın insan vaksinasiya prosesinə cəlb edilib. Təkcə ötən gün Azərbaycanda 22 min 932 doza vaksin vurulub.

İndiyədək ölkədə 947 min 745 doza vaksin vurulub. Bunlardan 590 min 914-ü birinci mərhələ, 356 min 831-i isə ikinci mərhələ vaksinasiyadır.

Səhiyyə nazirininn müavini Viktor Qasımov mətbuata açıqlamasında bildirib ki, Çindən “CoronaVac" vaksinindən daha 150 min doza yeni peyvənd gətiriləcək.

Öz növbəsində isə Azərbaycana Koreyadan “AstraZeneca” (“Vaxzevria”) şirkətinə məxsus 84 000 doza vaksin gətirilib.

Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub. Nazir müavini yaxın vaxtlarda “AstraZeneca” peyvəndinin da tətbiqinə başlanılacağınıı açıqlayıb. Bununla bərabər yaxın vaxtlarda Rusiyanın “Sputnik- V” vaksininin də Azərbaycana idxalı gözlənilir.

Maraqlıdır, Azərbaycana gətirilən və gətirilməsi plaşlaşdırılan müxtəlif ölkə istehsalı olan peyvəndlərin tətbiqi zamanı insanlara seçim hüququ veriləcəkmi?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Bizim.Media-ya açıqlamasında vətəndaşların peyvənd seçiminin sərbəst olduğunu deyib:

“Seçim pasiyentdən və peyvəndin əlçatanlığından asılıdır. Dünya ölkələrində vaksin çatışmazlığı var. Hazırda bizdə Çin vaksini və “AstraZeneca” var. Yaxın günlərdə isə “Sputnik- V” gətiriləcək. Eyni zamanda ABŞ-ın “Pfizer”nin ölkəyə gətirilməsi planlaşdırılır. Bu peyvəndlər əl altında əlçatan olduqda, o zaman pasiyentin istəyindən asılı olaraq bu vaksinlərdən biri tətbiq edilə bilər. Hansısa vaksin bitibsə və ya yoxdursa, pasiyent o peyvəndi tələb edə bilməz.

Təəssüflə qeyd edim ki, hazırda hamı üçün bütün vaksinlərdən çata biləcək doza yoxdur. Ona görə də bütün dünyada vaksinasiya mərhələli şəkildə aparılır.

Azərbaycanda hazırda 1 milyon doza rezerv var. Amma uşaqları çıxsaq, ölkə əhalisinin sayı təxminən 5-6 milyondur. Vaksinlərin sayı və çeşidi çox olduqda, vətəndaş seçimində sərbəstdir. Yeganə məhdudiyyət odur ki, bir vaksinlə peyvəndlənməyə başlayan şəxs elə həmin vaksinlə prosesi tamamlamalıdır.

Birinci doza filan vaksin, ikinci doza bir başqa, buna icazə verilmir. Bu istiqamətdə dünyada tədqiqatlar aparılır və Azərbaycanda da aparılacaq. O tədqiqatların tövsiyələrinə görə peyvəndləri qarışdırmaq məsləhət deyil”.

Nabil Seyidov dünyada istehsal olunan bütün peyvənd növlərinin 18 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmadığını xatırladıb:

“Araşdırmalar gedir və bəzilərində müsbət nəticələr var. Hələki dünya səviyyəsində 18 yaşdan aşağı COVİD-lə bağlı vaksinlərin vurulmasına dair tövsiyyə və ya qərar qəbul edilməyib. Amma bununla bağlı tədqiqatlar tamamlanmayıb. Üstəgəl uşaqların vaksinasıyası daha aşağı prioritetdir. Çünki uşaqlar bu xəstəliyi rahat və simptomsuz keçirir”.
Baxış sayı: 171